Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

DİNSİZLİYİN DİNİ İLƏ MÜBARİZƏ ÜSULLARI

DİNSİZLİYİN DİNİ İLƏ MÜBARİZƏ ÜSULLARI

İnsanların dünyada və axirətdə qurtuluşu üçün dinsizliyin tamamilə yox edilməsi olduqca vacibdir. Dinsizliyin yer üzündən silinib, Quran əxlaqının dünyaya yayılması bütün inananların öhdəsinə düşən məsuliyyətdir. "Mən dindaram, digər insanlar öz qeydinə qalsınlar" demək səmimi müsəlmanın vicdanına sığmaz. Aşağıdakı ayə bu məsuliyyəti İlahi vəzifə olaraq bütün müsəlmanlara yükləyir. Allah hər mömini yaxınlarını və bütün insanları cəhənnəm əzabından qorumaqdan məsul tutmuşdur:

Ey iman gətirənlər! Özünüzü və yaxınlarınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır! Onun üstündə amansız və güclü mələklər vardır. Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmazlar, onlara buyurulanları yerinə yetirərlər. (Təhrim surəsi, 6)

Bəzi insanlar isə "mən dinsizliklə necə mübarizə apara bilərəm?" deyə düşünürlər. Bu, şeytanın insanları məşğul etmək, Quran əxlaqının yaşanmasına mane olmaq və dinsizlik dininin yayılmasına zəmin hazırlamaq üçün verdiyi vəsvəsədir. Saytda bəhs olunduğu kimi, dinsizliklə mübarizə dedikdə nəzərdə tutulan dinsiz fəlsəfələrin və fikir cərəyanlarının əsassızlığının elmi və məntiqli dəlillərlə ortaya qoyulması bunları fikri sahədə məhv etməkdir. Çünki heç kim fikri yöndən məhv olmuş və heç bir elmi əsası qalmayan ideologiyanın ardınca getməz.

Belə ki, bu mühüm fikri mübarizədə mütləq hər insanın edə biləcəyi bir xidmət var. Heç bir şeyə imkanı olmayanlar da bu mübarizədə iştirak edən, həyatını buna həsr edən insanlara kömək etməli və dəstək olmalıdırlar. Məsələn, dinsizliklə mübarizə məqsədi ilə yazılmış kitabların və ya yazıların geniş kütlə tərəfindən oxunmasını təmin etmək, bu kitablarda yazılanları çox yaxşı öyrənərək hər kəsə izah etmək, dinsizliklə mübarizə aparan, dinsizliyin fikri təməlini çürüdən məlumatları müxtəlif yollarla dünyaya yaymaq kimi xidmətlər dinsizliklə mübarizənin mühüm bir hissəsidir.

Unudulmamalıdır ki, Bədiüzzamanın da bildirdiyi kimi, "Küfrə razılıq küfr olduğu kimi, dəlalətə, fisqə, zülmə razılıq da fisqdir, zülmdür, dəlalətdir." (Risaleyi-Nur Külliyatı II, Əmirdağ Lahiqəsi, “Nesil” nəşrləri, səh. 1183) Buna görə də laqeyd olanlar, imkanı olduğu halda, dinsizliyə qarşı mübarizə aparmayanlar və ya mübarizə aparanlara dəstək olmaq əvəzinə, çətinlik yaradanlar, əslində, bilərək və ya bilməyərək dinsizliyə dəstək olur və onların işlərini asanlaşdırırlar.

Səmimi mömin heç vaxt bu vacib mövzulara laqeyd yanaşmaz. Hər zaman Quranın əmr etdiyi mövzularda olduqca həssas, cəsarətli və qərarlı davranar. Vicdanlı olduğu üçün bu gün yer üzündə zülmə uğrayan, məzlum, zəif, ac, təhlükəli şəraitdə yaşayan hər insanın məsuliyyətini öz üzərində hiss edər. Məsələn, bu gün Kəşmirdə, Şərqi Türkistanda və Fələstində milyonlarla müsəlman yalnız dinləri səbəbindən zülmə məruz qalırlar. Ötən illərdə Kosova və Bosniyada yüz minlərlə insan amansız işgəncələrə məruz qalmış, yurdlarından çıxarılmış, bütün dünyanın gözü qarşısında qətlə yetirilmişdir. Yalnız bəzi müsəlman ölkələrdə yox, dünyanın bir çox yerlərində insanlar dinsiz qruplar və ya dinsiz fikir cərəyanları səbəbindən əzab çəkirlər. Rusiyada illərdir ki, dinsiz nəsillər yetişdirilir, dinsizliyin dini böyük sürətlə yayılır. (Ətraflı məlumat üçün baxın: Həll yolu: Quran Əxlaqı, Harun Yəhya) Vicdan sahibi olan insan bunların heç birinə laqeyd qalmaz. Məhz bu səbəbdən bütün müsəlmanlar dinsizliyin insanlığa zülmünü aradan qaldırmaq üçün var gücləri ilə mübarizə aparmalıdırlar. Bunun ən məntiqli və effektiv yolu isə, qeyd etdiyimiz kimi, fikri sahədəki mübarizədir.

Bu hissədə həmin mühüm vəzifəni öhdəsinə götürən insanların diqqət etməli olduqları mövzulara toxunulacaq və bu mübarizənin necə aparılmalı olduğu Quran ayələri işığında izah ediləcək.

DİNSİZLİYİN BÜTLƏRİNİ QIRMAQ  

Dinsizliyin dini ilə mübarizədə ən effektiv üsul, şübhəsiz ki, Quranda nümunə göstərilən hz. İbrahimin metodudur. Əvvəlki hissələrdə bəhs etdiyimiz kimi, hz. İbrahimin dövründə yaşayan insanlar öz əlləri ilə düzəltdikləri bütlərə sitayiş edir və hər işdə saxta ilahlarından kömək istəyirdilər. (Məlum olduğu kimi, bu, tarix boyu bir çox inkarçı qövmlərin tətbiq etdiyi üsuldur.) Hz. İbrahim isə bu insanlara qarşısında baş əydikləri bütlərin heç bir gücü olmayan, taxtadan hazırlanmış, cansız varlıqlar olduğunu xatırlatmış, onların məntiq və mühakimə qüsurlarını gözlər önünə sərmişdir.

Daha əvvəl də bildirdiyimiz kimi, hz. İbrahimin dövründə yaşayan insanlarla müasir dövrün "bütpərəstləri" arasında çox fərq yoxdur. Necə ki həmin dövrdəki insanlar israrla taxta heykəlləri ilah qəbul edirdilər, bu günün dinsizləri də cansız atomları, şüursuz təbiəti, təsadüfləri ilah qəbul edirlər. Şüursuz atomların bir yerə gələrək qüsursuz və möhtəşəm bir sistem meydana gətirmək üçün razılaşdıqlarına inanırlar.

Hz. İbrahimin qövmünü bu azğın inancdan xilas etmək, onları "oyandırmaq" üçün tətbiq etdiyi üsul Quranda belə xəbər verilir:

Bir zaman o, öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”– demişdi. Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük.”– demişdilər. (İbrahim) demişdi: “Doğrusu, siz də, atalarınız da açıq-aydın azğınlıq içindəsiniz.” (Ənbiya surəsi, 52-54)

Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə quracağam! (Beləliklə, İbrahim) bütləri parça-parça edib, yalnız onların ən böyüyünü saxladı ki, bəlkə, ona müraciət edələr. (Ənbiya surəsi, 57-58)

Ayələrdə xəbər verildiyi kimi, hz. İbrahim atasının və qövmünün həqiqətləri görə bilməyəcək qədər kor olduqlarını gördükdə onların sitayiş etdiyi bütlərə tələ qurmağa qərar vermişdir. Qövmü yanından uzaqlaşdıqda sitayiş etdikləri cansız bütləri qıraraq, onların öz ağılları ilə dərk edə bilmədikləri açıq həqiqəti dəlillə isbat etmişdir: cansız bütlərin aciz olduqları və heç bir şey yarada bilməyəcəkləri həqiqətini…

Bütpərəstlər qayıdıb, hz. İbrahimdən bütləri niyə qırdığını soruşduqda aldıqları cavab ağılsızlıqlarının isbatı baxımından olduqca mühümdür:

Onlar dedilər: “Tanrılarımızı sənmi bu kökə saldın, ey İbrahim?” (İbrahim) dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun.” Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız”– dedilər. Sonra yenə öz bildikləri (batil əqidələrinə) qayıdıb, dedilər: “Axı sən də bilirsən ki, bunlar danışmırlar.” (Ənbiya surəsi, 62-65)

Bu insanların "Axı sən də bilirsən ki, bunlar danışmırlar." deyərək, əslində, həqiqətin fərqində olduqlarını bildirmələri vacib məqamdır. Hamısı bütlərin danışa bilməyəcəklərini bilirlər. Bütlərinin heç bir şeyə qadir olmadığını, cansız varlığa həyat verə bilməyəcəklərini, kainatda mövcud olan qüsursuz nizamı yarada bilməyəcəklərini çox yaxşı anlayırlar. Ancaq atalarından miras qalan dinsizliyi davam etdirmək və Allahın varlığını inkar etmək üçün bu cansız varlıqları ilah qəbul edirlər.

Bu günün təkamülçü və materialistləri də bənzər düşüncəyə sahibdirlər. Hər hansı bir təkamülçü səmimi şəkildə düşündükdə canlı aləmin təsadüflərlə əmələ gələ bilməyəcək qədər kompleks və qüsursuz olduğunu anlayar. Həmçinin kainatın başlanğıcının olmalı olduğunu, yəni əzəli və əbədi ola bilməyəcəyini də təsdiq edər. Lakin bunu etiraf etdikləri halda, fanatik düşüncə nümayiş etdirməyə davam edirlər. Hz. İbrahimin dövründə yaşayan bütpərəstlər kimi öz saxta ilahlarını tərk edib, Allaha inanmalarının qeyri-mümkün olduğunu deyirlər. Təkamülçülərin və materialistlərin sözügedən atalarının dininə nə qədər kor-koranə bağlı olduqlarını anlamaq üçün müasir dövr təkamülçülərindən bir neçəsinin bu barədə etirafına nəzər yetirmək kifayətdir.

Məsələn, Harvard Universitetindən təkamülçü və materialist genetik Riçard Levontin (Richard Lewontin) özünün və digər materialistlərin ön mühakiməli və dardüşüncəli mövqelərini belə ifadə etmişdir:

“Bizim materializmə olan bir inancımız var, “a priori” (əvvəlcədən qəbul edilmiş, doğru fərz edilmiş) inancdır bu. Bizi dünyaya materialist izah gətirməyə məcbur edən elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan a priori bağlılığımıza görə dünyaya materialist izah gətirən tədqiqat üsulları və məfhumlar hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də İlahi bir açıqlamanın ortaya girməsinə icazə verə bilmərik.” (Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 yanvar, 1997, s. 28)

Məşhur ingilis zooloq və təkamülçü Vatson (D. M. S. Watson) isə təkamülçülərin təkamülün reallaşdığına dair heç bir dəlilləri olmadığı halda, niyə hələ də bu nəzəriyyəni müdafiə etdiklərini belə açıqlamışdır:

“Təkamülün geniş şəkildə qəbul edilən nəzəriyyə olmasının səbəbi bu nəzəriyyəni isbat edən kifayət qədər dəlilin mövcud olması deyil, digər seçimin, yəni fövqəltəbii yaradılışın tamamilə qəbuledilməz olmasıdır.” (D. M. S. Watson, "Adaptation", Nature, No: 124, s. 233)

Məşhur ingilis alim Çandra Vikramazinq (Chandra Wickramasinghe) də Allahın inkar edilməsi üçün insanların zehinlərinin necə bulandırıldığını belə açıqlamışdır:

“Bir alim olaraq təhsil aldığım müddət ərzində elmin hər hansı bir şüurlu yaradılış məfhumu ilə uyğunlaşa bilməyəcəyinə dair çox güclü təlqinə məruz qaldım. Bu anlayışa şiddətlə qarşı çıxmaq lazım idi... Amma indi Allaha inanmağı tələb edən açıqlamaya qarşı irəli sürüləcək heç bir dəlil tapa bilmirəm….” (Chandra Wickramasinghe, London Daily Express ilə reportajından, 14 avqust 1981)

Yuxarıda nümunə verilən təkamülçü alimlərin, doğru olmadığını bildikləri halda, sadəcə Allahı inkar etmək üçün təkamül nəzəriyyəsinə və materializmə inandıqları öz sözləri ilə ortaya çıxır. Bu insanlar müasir dövrün öndə gedən materialist təkamülçülərindən yalnız bir neçəsidir.

Quranda bildirilən hz. İbrahimin öz qövmünə verdiyi cavab bu insanlara verilə biləcək doğru cavabdır. Hz. İbrahimin qövmünə verdiyi qarşılıq onları silkələmək və düşünməyə dəvət etmək olmuşdur. Ayələrdə hz. İbrahimin sözləri belə xəbər verilmişdir:

(İbrahim) dedi: “Elə isə Allahı qoyub, sizə heç bir fayda və zərər verə bilməyən (bütlərəmi) ibadət edirsiniz? Tfu sizə də, Allahdan başqa ibadət etdiklərinizə də! Yenə də dərk etmirsiniz?” (Ənbiya surəsi, 66-67)

Hz. İbrahim bütpərəstlərin bütlərini qıraraq və dinsizliyin bütün dayaqlarını aradan qaldıraraq onların acizliyini sübut etdiyi kimi, bu gün də inananlar dinsizlərin ilahlaşdırdığı maddə bütünü qıraraq dinsizliyi təsirsiz hala gətirməlidirlər. Bu bütlərin qırılmasında tətbiq olunacaq üsullar bunlardır:

1. DİNSİZ CƏRƏYANLARIN İDEOLOGİYALARINI VƏ MÜDAFİƏ ETDİKLƏRİ FİKİRLƏRİ ÇOX YAXŞI TANIMAQ

Hər insanın mənəvi dəyərləri korlayan dinsiz cərəyanları çox yaxşı tanıması, onların ideologiyalarını, hansı fikri müdafiə etdiklərini yaxşı bilməsi olduqca vacibdir. Çünki həmin çevrələrin məntiqi pozğunluğu, azğınlığı, dövlətə və millətə zərər verən düşüncələri, elmə və ağıla zidd yönləri ancaq bu yolla ifşa oluna bilər. Bunun nəticəsində bu dinsiz ideologiyaların nə qədər zəif təməllərə əsaslandığı, ziddiyyətləri sübut edilə bilər. Həmçinin dinsiz ideologiyaları yaxından tanıyan vicdanlı insanlar bunların dövlətə və millətə verəcəyi zərərləri əvvəlcədən təxmin edə, bunun sayəsində lazımi tədbirlərin alınması üçün dövlətə dəstək və kömək təmin edən fəaliyyətlər göstərə bilərlər.

2. MATERİALİZMİN VƏ TƏKAMÜL NƏZƏRİYYƏSİNİN ETİBARSIZLIĞINI ELMİ DƏLİLLƏRLƏ SÜBUT ETMƏK

Əvvəlki bölmələrdə müasir dövrdə dinsizliyin ən təhlükəli və geniş yayılmış dininin materializm olduğundan bəhs etmişdik. Materializmi digər dinsiz fikirlərdən fərqləndirən və daha təsirli olmasına səbəb olan bir amil də "elmi örtük" içində təqdim edilməsidir. Buna görə də materializm və təkamül nəzəriyyəsi bütpərəstlikdən fərqli olmasa da, bütpərəstlik primitiv adlandırıldığı halda, bu ideologiyalar saxta "elmi nüfuz" qazanmışdır. Belə ki, materializmin və təkamül nəzəriyyəsinin, əslində, elmə və ağıla zidd fikirlər olduğunun ortaya çıxarılması və insanlara izah edilməsi çox vacibdir.

Təkamül nəzəriyyəsinin iddialarının bir-bir təhlil edilib, bütün dəlillərinin saxta olduğunun və ya bu dəlillərin insanlara təhrif edilərək təqdim edildiyinin izah edilməsi çox mühümdür. Bunu edərkən ən son kəşfləri, elm dünyasındakı yenilikləri hər an izləmək, dünyanın hər tərəfində təkamül mövzusunda irəli sürülən iddiaları elmi baxımdan çürütmək, hər mövzuda çoxlu sayda dəlil təqdim etmək lazımdır.

Həmçinin bir məsələni də qeyd etmək lazımdır: Əslində, təkamül nəzəriyyəsinin dəlil kimi irəli sürdüyü bir neçə mövzu var ki, bunlar da ən başdan çürüdülmüşdür. Amma təkamülçülər mütəmadi şəkildə bunları elmi terminlərlə bəzəyərək, fərqli şəxslərin qələmindən və ya ağzından "elmi" libas altında nümayiş etdirdikləri üçün hər dəfə yeni dəlil təqdim edirmiş kimi görünürlər. Halbuki insanlar tərəfindən başa düşülməyən ifadələrlə, latın sözləri ilə yazdıqları səhifələrlə mövzuya baxdıqda elmi yöndən heç bir dəlil təqdim etmədikləri aydın olur.

Lakin bu gün insanların böyük əksəriyyəti darvinizmin necə axmaq bir iddia olduğunu görə bilmir və bu nəzəriyyəni elmi həqiqət zənn edir. Buna görə də insanların məlumatlandırılması və bu təhlükədən xəbərdar edilməsi çox böyük xidmətlərdəndir. Aydındır ki, bu xidmət ciddi səy tələb edir. Hər kəs əlindən gələni etməli, bu tarixi məsuliyyəti bacardığı qədər öhtəsinə götürməlidir.

3. QURANDA BİLDİRİLƏN HƏQİQİ DİNİ İZAH ETMƏK

Materialistlər xalqa öz ideologiyalarını təlqin edərkən dinə qarşı təcavüzkar mövqe nümayiş etdirirlər. Ancaq onların dinə hücum edərkən istifadə etdikləri vasitələr ya təhrif edilmiş köhnə dinlər, ya da müsəlmanlıq adı altında yaşanan, içinə müxtəlif xurafələr qatıldığı üçün əslindən tamamilə uzaqlaşmış bəzi anlayışlardır.

Halbuki əsl müsəlmanlıq materialistlərin hədəf seçdikləri fanatik din anlayışından tamamilə fərqlidir. Buna görə də xurafatla dolu dinə qarşı olaraq Quranda bildirilən həqiqi din əxlaqını insanlara effektiv və geniş şəkildə izah etmək lazımdır.

Quran içində heç bir ziddiyyət olmayan və Allah Qatından nazil edilmiş kitabdır. Bu həqiqətin dəlillərini açıq şəkildə ortaya qoymaqla yanaşı, Quranda bildirilən ayələrin və izah edilən hadisələrin insanlara çatdırılması da çox vacibdir. Bədiüzzaman Səid Nursi də "maddiyyun və tabiiyyun fəlsəfələri" ilə mübarizədə ən təsirli yolun Quran həqiqətlərini izah etmək olduğunu dəfələrlə bildirmişdir:

“… Beşinci olaraq: İndi bu zamanda ən böyük təhlükə olan dinsizliyə, anarxistliyə, materializmə qarşı yalnız bir çarə var; o da Quranın həqiqətlərinə sarılmaqdır. Yoxsa böyük Çini qısa müddətdə kommunistliyə çevirən bəla siyasi, maddi qüvvələrlə susmaz. Onu yalnız Quran həqiqətləri susdura bilər.” (Risaleyi-Nur Külliyatı II, Əmirdağ Lahiqəsi, “Nəsil” nəşrləri, səh. 54)

Göründüyü kimi, Bədiüzzamanın dinsizliyin gətirəcəyi təhlükələrə qarşı bildirdiyi həll yolu Quran əxlaqının yaşanması və yaşadılmasıdır. Bundan əlavə, Bədiüzzamanın dinsizliyin səbəb olduğu anarxiya və dövlət düşmənçiliyinin necə məğlub ediləcəyi ilə bağlı sözlərindən bəziləri belədir:

Sarsılmaz iman istəyən və dinsiz anarxistliyə qarşı sınmayan qılınc axtaranlar Böyük əlamətə (Qurana) müraciət etsinlər. (Şüalar, 599)

Çünki masonluq, kommunistlik, dinsizlikdən birbaşa anarxistlik doğur. Bu dəhşətli vəziyyətə qarşı ancaq və ancaq Quran həqiqətləri ətrafında İttihadi-İslam dayana bilər… (Bəyanat və Tenvirlər, səh. 21)

4. ALLAHIN VARLIĞININ DƏLİLLƏRİNİ İZAH ETMƏK

Ağlını və vicdanını istifadə edən insan üçün Allahın varlığı açıq-aşkardır. Allah yaratdığı hər varlıqda sonsuz elminin, ağlının, qüdrətinin dəlillərini insanlara göstərir. Lakin bəzi insanlara illərlə Allahı inkar etmək yönündə təlqin verilir. Bəziləri də bu mövzuda şübhə içindədirlər. Belə ki, bu insanlara Allahın varlığının dəlillərini göstərmək lazımdır. Bu insanların ön mühakimələrini və fanatik düşüncələrini yox etmək üçün onlara Allahın varlığına aid dəlillər göstərmək, hər varlığı bir-bir təhlil edərək, bunların ən kiçik bir hissəsinin belə təsadüfən meydana gələ bilməyəcəyini açıqlamaq lazımdır. Həm yazılı, həm də vizual üsullardan istifadə edərək bu mövzuda çox geniş fəaliyyət göstərmək müsəlmanların öhdəsinə düşən böyük vəzifədir.

Açıq-aşkar həqiqətləri görə bilməyəcək qədər mənəvi yöndən aciz hala gələn insanlar ancaq ciddi səylə qəflət yuxusundan oyandırıla bilərlər. Allahın varlığını və ətrafında gördüyü qüsursuz sistemlərin öz-özünə, təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi həqiqətini qavrayan insan üçün isə dinsizlik təhlükəsi aradan qalxmış olur. Çünki Allaha iman gətirən insan Onun qarşısında məsuliyyət daşıdığını və bundan sonrakı həyatını Onun razılığı üçün yaşamalı olduğunu da anlayır.

Allah Quranın bir çox ayələrində insanları yaratdığı varlıqlar üzərində düşünməyə və bu varlıqlardan ibrət götürməyə çağırır:

Məgər onlar başları üstündəki göyə baxıb, onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. (Bunu,) Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə (belə etdik.) Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları (bitirdik.) Qullara ruzi olsun deyə (belə etdik). Biz onunla ölü bir məmləkəti diriltdik. (Ölümdən sonra) diriliş də belədir. (Qaf surəsi, 6-11)

Məhz bu səbəbdən "dinsizliyin dini" ilə mübarizədə ən effektiv üsullardan biri də insanların ətraflarındakı iman həqiqətlərini, Allahın varlığının və ucalığının dəlillərini görməyini təmin etməkdir. Allah Quranda "Rəbbinin nemətindən danış" (Duha surəsi, 11) ayəsi ilə bu həqiqəti xəbər verir. Müsəlmanlar da yaşadıqları dövrün ən təsirli üsullarından istifadə edərək insanlara Allahın yaratdığı bütün nemətlərdən danışmalıdırlar.

5. QURAN ƏXLAQI YAŞANDIQDA NECƏ HƏYAT OLACAĞINI AÇIQLAMAQ

Allah Quranda insanlara gözəl əxlaqı, ədaləti, sevgi, şəfqət və mərhəməti, fədakarlığı, səbri, digər insanların mənfəətlərini öz mənfəətlərindən üstün tutmağı, dövlətə hörmət, sevgi və itaəti, sülh və təhlükəsizliyi təmin etməyi, insanların arasını düzəltməyi, kasıb və məzlumları qorumağı, çalışqanlığı, Allah rizası üçün xidmət etməyi əmr edir. Aydındır ki, bu xüsusiyyətlərin hakim olduğu millət üstünlüyə və rifaha sahib olacaq.

İnsanların çoxu Quranda bildirilən din əxlaqından xəbərdar olmadıqları üçün Quran əxlaqının insanlara təqdim etdiyi gözəlliklər onlara izah edilməli, əsl din əxlaqını yaşamağın asan və insanın yaradılışına ən uyğun həyat olduğu göstərilməlidir. Beləliklə, insanlar dünyada yaşanan problemlərin həllinin Quranda olduğunu da görəcəklər. Allah bir ayəsində Quranın nazil edilmə məqsədini belə bildirir:

... Biz Kitabı sənə hər şeyin açıqlayıcısı, Müsəlmanlara bir hidayət, bir rəhmət və bir müjdə olaraq endirdik. (Nəhl surəsi, 89)

6. VİCDANLI İNSANLARIN BİR OLMALARI 

Dinsizliklə mübarizə aparmaq üçün müsəlmanların səy göstərməsi, bütün imkanlarını birləşdirərək, dövləti və milləti bu təhlükədən qoruması çox vacibdir. Hər insan bu fikri mübarizədə nə qədər çox xidmət etsə, dinsizliyin yer üzündən silinməsi və beləcə "yer üzündə fitnə qalmaması" da o qədər sürətlə baş verəcək.

Birlik (təsanüd) imanlı insanlara həm maddi, həm də mənəvi qazanc təmin edir. Allah bir çox ayələrində möminlərə birlik içində davranmağı və mübahisə etməməyi əmr edir:

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)

Allah başqa bir ayəsində isə möminlərə əgər öz aralarında mübahisə etsələr, yer üzündə fitnə-fəsad yaranacağını bildirir:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

Bu ayədən də aydın olduğu kimi, Allahın dinini inkar edən, cəmiyyətləri məhvə aparan zalımlara qarşı şərəfli mübarizə imkanı olduğu halda, müsəlmanların bir-biri ilə mübahisə etmələrinin, xeyirli fəaliyyətlərinə mane olmalarının Allah Qatında çox böyük məsuliyyəti ola bilər.

Möminlərin bir-birinə kömək etməsi ilə yanaşı, bir-birini xidmətə təşviq etməsi, gözəl xidmət göstərənləri təqdir etməsi də lazımdır. İmanlı insanların qardaşlıq duyğuları içində bir-birinə dəstək olmalarının vacib olduğuna Bədiüzzaman da dəfələrlə diqqət çəkmişdir. Səid Nursinin bu sözlərindən biri belədir:

“Ey əhli-iman! Zillət içində əsarət altına girməmək istəyirsinizsə, ağlınızı başınıza yığın. İxtilafınızdan istifadə edən zalımlara qarşı "Ancaq inananlar qardaşdır" (Hucurat surəsi, 10) müqəddəs qalasının içərisinə daxil olun, qorunun. Yoxsa nə həyatınızı mühafizə, nə də hüququnuzu müdafiə edə bilərsiniz. Məlumdur ki, iki qəhrəman bir-biri ilə boğuşarkən bir uşaq ikisini də döyə bilər. İki dağ bir tərəzidə çəkilsə, bir kiçik daş tarazlıqlarını pozub, onlarla oynaya bilər. Birini yuxarı, birini aşağı endirər.

Ey əhli-iman! Ehtiraslarınızdan və düşməncəsinə tərəf tutmağınızdan qüvvəniz heçə enər. Az bir qüvvə ilə əzilə bilərsiniz. İctimai həyatla əlaqəniz varsa, "mömin mömin üçün möhkəm bir binanın bir-birinə qüvvə verən daşları kimidir" yüksək prinsipini həyat prinsipi edin. Dünya səfalətindən və axirət çətinliyindən xilas olun.” (Risaleyi- Nur Külliyatı, Məktubat, səh. 261)

BƏDİÜZZAMAN SƏİD NURSİNİN DİNSİZLİKLƏ MÜBARİZƏ ÜÇÜN GÖSTƏRDİYİ YOL

Bədiüzzaman Səid Nursi Risaleyi-Nurun bir çox yerlərində inananlara dinsizliklə mübarizə aparmaq üçün yol göstərmişdir. Bir sözündə bu mövzu ilə əlaqədar belə demişdir:

... Bizim düşmənimiz cəhalət, zərurət, ixtilafdır. Bu üç düşmənə qarşı incəsənət, bacarıq, ittifaq silahı ilə mübarizə aparacağıq... (Risaleyi-Nur Külliyatı II, Divan-ı Harbı Örfi,, “Nesil” nəşrləri, səh. 1921)

Səid Nursinin bu sözləri insanların dinsizliyə qarşı mübarizəsinin necə olmalı olduğunu anlamaq baxımından çox əhəmiyyətlidir. Bədiüzzaman üç təhlükəyə diqqət çəkir: Cəhalət, zərurət və ixtilaf...

İnsanların ilk təhlükəyə, yəni cəhalətə qarşı maarifləndirilməsi olduqca mühümdür. Yaşadığımız cəmiyyətdə insanların böyük əksəriyyəti dindardır, Allaha və dinə inanırlar. Lakin xeyli insan dinin və mənəvi dəyərlərin qarşısındakı təhlükələrdən xəbərdar deyil. Məsələn, bəziləri təkamül nəzəriyyəsinin məzmunundan və hədəflərindən o qədər xəbərsizdir ki, "həm dindaram, həm də təkamülə inanıram" deyə bilir. Yaxud da reinkarnasiya kimi batil inanclara inanan və bunun İslamla uyğun olduğunu zənn edən insanlar da var. Buna görə də bu mövzudakı cəhalət, yəni məlumat əskikliyi sürətlə aradan qaldırılmalıdır.

Bədiüzzamanın diqqət çəkdiyi ikinci təhlükə isə zərurət, yəni yoxsulluqdur. Hal-hazırda dünyadakı müsəlman ölkələrin böyük bir hissəsində əsas problemlərdən biri aclıq və yoxsulluqdur. Hər ölkədə yoxsulluğun fərqli səbəbləri var. Bəzi ölkələrdə iqtisadi çatışmazlıqlar, idarəetmədəki nöqsanlar, bəzi ölkələrdə isə müharibələr, despot rejim və ya daxili münaqişələr yoxsulluğa səbəb olur. Mühacir düşərgələrində çətin şəraitdə yaşayan, evlərini tərk etmək məcburiyyətində qalan, ağır işlərdə işləməyə məcbur edilən, təhsil almaq imkanı olmayan insanlar köməyə möhtacdırlar. Çətin şəraitdə yaşayan bu insanların Quran əxlaqı, Allahın yaratma dəlilləri, materialist və darvinist nəzəriyyələrin dünyadakı dağıdıcı təsirləri barəsində məlumatlandırılması bütün müsəlmanların öhdəsinə düşən mühüm məsuliyyətdir. Lakin əvvəlcə bu insanlara sağlam həyat şəraiti təmin etmək lazımdır. Bədiüzzamanın da diqqət çəkdiyi bu "zərurət" təhlükəsi mütləq aradan qaldırılmalı, müsəlmanların dinlərini rahat yaşaya biləcəkləri mühit meydana gətirilməlidir. Allaha iman gətirən hər müsəlman bunun üçün əlindən gələn hər şeyi etməlidir. Allah "Nisa" surəsində iman sahiblərinə bu məsuliyyəti belə bildirir:

Sizə nə olub ki, Allah yolunda və: "Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi göndər, bizə Öz tərəfindən bir yardımçı yolla!"– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda mübarizə aparmırsınız? (Nisa surəsi, 75)

Səid Nursinin son olaraq diqqət çəkdiyi ixtilaf təhlükəsi də bu gün mövcuddur. Hal-hazırda dünyada insanlar arasında bir çox mövzu ixtilaflıdır. Çox vaxt fikir birliyi əldə edilə bilmir və mövzular mübahisələrə, münaqişələrə çevrilir. Halbuki ağılın və vicdanın yolu birdir. Buna görə də ixtilafın gətirəcəyi qarışıqlıq və xaos təhlükəsinə qarşı doğrular açıq şəkildə və elmi dəlillərlə ortaya qoyulmalıdır. Canlılığın mənşəyinin nə olduğu mövzusunda da bu üsuldan istifadə edilməli, həqiqətlər izah edilməlidir. Bu yolla xalqla yanaşı, şübhə içində olan bir çox materialist və təkamülçülər də vicdanlarına yönələrək həqiqətə və doğru yola çatmaq imkanı əldə edəcəklər.

Bədiüzzaman bu üç təhlükəyə qarşı tədbir alarkən diqqət edilməli olan mövzuları da vurğulayır. Bu mövzuların birincisi incəsənətdir. İnsanların dinsizliyin dini ilə mübarizəsində incəsənət çox mühüm yer tutur. “İncəsənət" sözü ilə bir çox şeylər nəzərdə tutulmuşdur. Ətrafımızdakı Allahın sənət nümunələrinin bütün gözəlliyi ilə izah edilməsi əsas mövzulardan biridir. Bundan əlavə, hər cür yazılı əsərdə istifadə edilən şəkillərlə, dildəki aydınlıq və sadəliklə, nəşriyyat keyfiyyəti ilə dindar insanların yüksək incəsənət anlayışını ortaya qoymaq da olduqca vacibdir. Bununla yanaşı, şifahi nitqdəki hikmət də sənətkarlığın bir növüdür. Seçilən sözlər, istifadə edilən nümunələr, nitqdəki kəskinlik və təsirlilik çox mühümdür. Təkamül nəzəriyyəsi kimi “elmi” bir mövzunu izah edərkən çox qarışıq izahetmə üsulundan istifadə edən təkamülçülərin əksinə olaraq, nitqdəki sadəlik insanların həqiqətləri anlamasında böyük asanlıq yaradır.

Bədiüzzamanın diqqət çəkdiyi bacarıqlı izahetmə də Allaha səmimi qəlblə iman gətirən insanların əsas xüsusiyyətlərindəndir. Bu səmimiyyət və dürüstlük onların nitqinə çox açıq şəkildə əks olunur. Həmçinin izah edilən mövzuların vacibliyinə əsasən təyin olunması, zəruri mövzuları insanlara çatdırmaq yolları və formalarının müəyyən edilməsi vicdanlı insanlara məxsus bir bacarıqdır.

Bədiüzzaman Səid Nursinin göstərdiyi son üsul olan ittifaq isə millətimizin rifahını və təhlükəsizliyini istəyən hər kəsin yerinə yetirməli olduğu vəzifədir. İnananların Allahın varlığını inkar edən və mənəvi dəyərlərə qarşı mübarizə aparan insanlara qarşı bir-birinə dəstək olması çox vacibdir. Bu birliyi pozmaq üçün edilən hər cür cəhd də təsirin azalmasına səbəb olacaqdır. Əgər bir müsəlman "darvinizm onsuz da məhv olub" və ya "darvinizmi yox etməyin nə faydası var" deyərək aparılan fikri mübarizəni mənfi yöndə tənqid etsə, fərqində olmadan bu mübarizə içində ixtilaf meydana gətirmiş olar.

Halbuki səmimi insanlar, dövlətimizin və millətimizin rifahını düşünənlər darvinizm və kommunizmin son zərrəsi də yox olana qədər fikri mübarizəyə davam etməlidirlər. Çünki darvinizm hələ tam olaraq yox olmamışdır. Təkamülçülər böyük çaxnaşma içində son çırpınışlarına davam edirlər, amma görüləcək çox iş var. Buna görə də bu təhlükəni bir daha üzə çıxmayacaq şəkildə kökündən məhv etmək və bütün bəşəriyyətin qanına girən bu zəhərdən xilas olmaq çox vacib və təcilidir. Bu yanlış inancların yer üzündən silindiyini ancaq terrorun, anarxiyanın, din və dövlət düşmənçiliyinin, zülmün dayanması ilə anlaya bilərik. Bu gün günahsız insanlar qətlə yetirilirsə, dövlətin şərəfli əsgərinə, polisinə terroristlər tərəfindən silah doğruldulursa, dünyanın hər tərəfində zülm hökm sürürsə, bu, materializmin və darvinizmin hələ yox olmadığının və bu ideologiyaların tərəfdarlarının hələ fəaliyyətlərini davam etdirdiklərinin göstəricisidir.

Elə isə vicdanlı insanların üzərinə düşən bir vəzifə var. Allah Quranda "fitnə qalmayana və dinin hamısı Allahın olana qədər…" (Ənfal surəsi, 39)s ayəsi ilə dinsizliyin dini ilə mübarizə etməyi əmr etmişdir.