Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

DİNSİZLİYİN DİNLƏRİNİ MƏĞLUB EDƏN HƏQİQƏT

XƏBƏRDARLIQ:

Bu məqalədə həyatın çox mühüm bir sirrindən bəhs edilir. Maddi aləmlə bağlı dünyagörüşünüzü kökündən dəyişdirəcək bu mövzunu çox diqqətlə və dərk edərək oxumalısınız. Burada izah edilənlər yalnız bir fikir, fərqli bir yanaşma və ya hər hansı bir fəlsəfi düşüncə deyil, dinə inanan və ya inanmayan hər kəsin qəbul edəcəyi, müasir elmin də sübut etdiyi, qəti həqiqətdir.

Əvvəlki bölmələrdə qeyd etdiyimiz kimi, inkarçıların din əxlaqına qarşı mübarizə aparmasının əsas səbəblərindən biri hər şeyi dünyəvi meyarlara görə qiymətləndirmələridir. Bunun səbəbi isə həyatlarının dünya ilə məhdudlaşdığını zənn etmələri və dünyaya qarşı ehtiras dolu bağlılıqlarıdır. Din əxlaqından uzaq insanların bu vəziyyəti Quranda belə bildirilir:

"Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölür və yaşayırıq və biz dirildiləcək deyilik." (Muminun surəsi, 37)

Məhz bu ehtiraslarına görə inkarçılarda dünya ilə bağlı qavrama zəifliyi olur. Ətraflarında gördükləri şeyləri Allahdan müstəqil zənn edir, bütün varlıqların ancaq Allahın diləməsi ilə varlığını davam etdirdiyini dərk edə bilmirlər. Allah inkarçıların dünya həyatı ilə bağlı həqiqətləri anlaya bilmədiklərini ayələrin birində belə bildirmişdir:

Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər. (Rum surəsi, 7)

İnkarçıların həyatları boyu anlaya bilmədikləri mühüm bir həqiqət var. Onlar bu həqiqətdən xəbərsiz şəkildə hər cür əxlaqsızlığı edir, dünyəvi mənfəətlərinin ardınca qaçır, yalan danışır, dinə istehza edir, inananlara böhtanlar atır, zərər verməyə çalışırlar… Əslində isə böyük bir qəflət içindədirlər, lakin bunun fərqində deyillər. Növbəti başlıqlarda bu insanların necə böyük bir şüursuzluq və qəflət içində yaşadıqlarını ortaya qoyan bu böyük həqiqət izah ediləcək.

MADDƏNİN ARDINDAKI SİRR

Görmə, eşitmə, qoxu, dad, toxunma duyğularımızın hamısı bir-birlərinə bənzər mexanizmə sahibdir. Xaricdəki obyektlərdən gələn təsirlər (səs, qoxu, dad, görüntü, möhkəmlik və s.) sinirlərimiz vasitəsilə beyindəki duyğu mərkəzlərinə ötürülür. Beyinə çatan bu təsirlərin hamısı elektrik siqnallarından ibarətdir. Məsələn, görmə prosesi zamanı xaricdəki obyektdən gələn işıq zərrəcikləri (fotonlar) gözün arxa tərəfindəki retinaya çatır və burada bir çox proseslər nəticəsində elektrik siqnallarına çevrilir. Bu siqnallar sinirlər vasitəsilə beyinin görmə mərkəzinə çatdırılır. Nəticədə isə biz bir neçə kub santimetrlik görmə mərkəzində rəngarəng, aydın, eni, uzunu, dərinliyi olan bir dünya hiss edirik.

Eyni sistem digər duyğularımıza da aiddir. Dilimizdəki bəzi hüceyrələr tərəfindən dadlar, burun epitelindəki hüceyrələr tərəfindən qoxular, dəri altına yerləşdirilmiş xüsusi reseptorlar tərəfindən toxunmağa aid hisslər (möhkəmlik, yumşaqlıq və s.), qulaqdakı xüsusi bir mexanizm tərəfindən isə səslər elektrik siqnallarına çevrilərək beyindəki müvafiq mərkəzlərə göndərilir və həmin mərkəzlərdə hiss edilir.

Mövzunu daha da dəqiqləşdirmək üçün belə bir nümunə verə bilərik: Bir stəkan qəhvə içdiyinizi düşünün. Əlinizdə tutduğunuz stəkanın möhkəmliyi və temperaturu dəri altındakı xüsusi reseptorlar tərəfindən elektrik siqnallarına çevrilərək beyinə ötürülür. Eyni zamanda, qəhvənin kəskin qoxusu, onu içərkən hiss etdiyiniz acı dad və stəkana baxdıqda gördüyünüz tünd qəhvəyi rəng də sinirlər vasitəsilə beyinə çatdırılan elektrik cərəyanıdır. Daha sonra masaya qoyarkən stəkanın şüşəyə toxunması nəticəsində çıxan səs də qulağınız tərəfindən qəbul edilib, elektrik siqnalı olaraq beyinə göndərilir. Bu hisslərin hamısı beyindəki bir-birindən fərqli, amma bir-biri ilə ortaq işləyən duyğu mərkəzlərində şərh edilir. Siz isə bu şərhin nəticəsində bir stəkan qəhvə içdiyinizi düşünürsünüz. Belə ki, əslində, hər şey beyindəki duyğu mərkəzlərində baş verir, amma siz bu hisslərinizin konkret bir varlığı olduğunu zənn edirsiniz.

Halbuki yanılırsınız, çünki əsli beyninizin xaricində olan maddi dünyaya çatmağınız qeyri-mümkündür. Təmasda olduğunuz bütün əşyalar, əslində, görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Duyğu mərkəzlərindəki məlumatları şərh edən beyniniz həyatınız boyu maddənin xaricdəki "əsli" ilə yox, beyninizdəki surətləri ilə təmasda olur. Siz isə bu surətləri həqiqi maddə zənn edərək yanılırsınız.

Şübhəsiz ki, bu, üzərində detallı olaraq düşünülməsi lazım olan çox əhəmiyyətli bir həqiqətdir. İndiyə qədər çölə baxarkən gördüyünüz hər şeyin mütləq varlıqlar olduğunu zənn etmiş ola bilərsiniz. Halbuki elmin də göstərdiyi kimi təmasda olduğunuz hər şey hisslərinizin cəmindən ibarətdir. Burada qısa olaraq yekunlaşdırılan, həyatınızda biləcəyiniz ən böyük həqiqətlərdən biridir.

SÜNİ ŞƏKİLDƏ YARADILAN "XARİCİ DÜNYA"

İndiyə qədər izah etdiyimiz həqiqətlər bizi qəti nəticəyə gətirir: gördüyümüz, eşitdiyimiz, toxunduğumuz və adına "maddə", "dünya" və ya "kainat" dediyimiz məfhumlar, əslində, beynimizdə şərh edilən elektrik siqnallarıdır. Biz heç vaxt maddənin beynimiz xaricindəki əslinə çata bilmərik. Ancaq xarici dünyanın beynimizdə yaranan görüntüsünü görür, eşidir və dadırıq.

Tanıdığımız tək dünya zehnimizin içində olan, orada rəsmi çəkilən, səsləndirilən və rəngləndirilən, bir sözlə, zehnimizdə meydana gələn bir dünyadır. Beynimizdə seyr etdiyimiz bu hisslər bəzən "süni" bir qaynaqdan da gələ bilər. Beyinin hər hansı bir şəkildə qıcıqlandırılması ilə bütün duyğular hərəkətə keçə, hisslər, görüntülər və səslər yarana bilər.

Maddi qarşılığı olmayan hissləri gerçək zənn edərək aldanmaq çox asandır. Yuxularımız bunun ən açıq dəlilidir. Yuxu görərkən, əsasən, bədəniniz qaranlıq və səssiz bir otaqda, hərəkətsiz vəziyyətdə yatır və gözləriniz də bağlı olur. Beyninizin qəbul etməsi üçün sizə xaricdən nə işıq, nə səs, nə də başqa bir şey çatır. Lakin oyaq olarkən yaşadıqlarınızın bənzərlərini kəskin və aydın şəkildə yuxunuzda da yaşayırsınız. Yuxuda da səhər oyanır, işə çatmağa çalışırsınız. Yaxud da tətilə, dəniz kənarına gedir, orada günəşin istiliyini hiss edirsiniz.

Həmçinin yuxuda gördüklərinizin gerçək olmasından qətiyyən şübhə etmir, ancaq oyandıqdan sonra yuxu olduğunu anlayırsınız. Yuxunuzda qorxu, həyəcan, sevinc, kədər kimi duyğular yaşayarkən, eyni zamanda, müxtəlif görüntülər görür, səslər eşidir, maddənin möhkəmliyini hiss edirsiniz. Amma bu hisslərə, duyğulara səbəb olan heç bir qaynaq yoxdur. Hələ də qaranlıq və səssiz bir otaqda yatırsınız.

Yuxuda həqiqət kimi görünən hadisələr yaşayır, insanlar, əşyalar, məkanlar görürsünüz. Amma bunların hamısı sadəcə hissdən ibarətdir. Yuxu ilə "əsl dünya" arasında isə təməl bir fərq yoxdur; ikisi də zehində yaşanır.

HİSS EDƏN KİMDİR?

İçində yaşadığımızı zənn etdiyimiz və "xarici dünya" adlandırdığımız maddi dünyanın beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma əsas sual burada ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar, əslində, hissdən ibarətdirsə, beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir hissəsi olduğuna görə o da digər maddələr kimi hiss olmalıdır.

Yuxudakı mühitlə gerçək həyat dediyimiz mühit arasında heç bir fərq olmadığını bilirik. Elə isə bizdən gerçək həyat dediyimiz mühitdə "harada görürsən?" sualı soruşulduqda da "beynimdə" cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə də görən, hiss edən şüur ət parçası olan beyin deyil.

Xarici dünyanın surətini beynimizdə izlədiyimizdən bəhs etdik. Gəldiyimiz əsas nəticə isə odur ki, xarici dünyanın mövcud olan əslini heç bir zaman tam olaraq bilməyəcəyik.

İkinci mühüm həqiqət isə beynimizdəki dünyanı seyr edən "şüur"un beyinin özü ola bilməyəcəyidir. Beyin ona gələn məlumatları qəbul edən və görüntüyə çevirən kompüter-monitor sistemi kimidir; amma kompüterlər özlərini izləmirlər. Varlıqlarının şüurunda da deyillər. Bu şüuru axtarmaq üçün beyini analiz etdikdə qarşımıza digər canlı orqanlarda da olan zülal və yağ molekulları kimi molekullar çıxır. Belə ki, “beyin” dediyimiz ət parçasında görüntüləri seyr edərək qavrayan, şüuru yaradan, bir sözlə, "mən" dediyimiz varlığı əmələ gətirən heç bir şey yoxdur.



Bütün görüntülər - əlinizdəki stəkan, içində oturduğunuz otaq və s. beyninizin içindədir. Bəs bu görüntüləri atomlarmı görür? Kor, kar, şüursuz atomlar... Niyə atomların bir qismi bu xüsusiyyətləri qazanmış, digərləri qazana bilməmişdir?... Düşünməyimiz, qavramağımız, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz - bütün bunlar bu atomlar arasındakı kimyəvi reaksiyalardanmı ibarətdir?

Bu sualları diqqətlə düşündükdə atomlarda şüur axtarmağın mənasız olduğunu görürük. Aydındır ki, görən, eşidən və hiss edən maddədən kənar bir varlıqdır. Bu varlıq "canlı"dır, nə maddə, nə də görüntüdür. Bu varlıq bədən görüntümüzü istifadə edərək qarşısındakı hisslərlə təmasda olur.

BU VARLIQ RUHDUR.

Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar atom və molekul yığını və bunların arasındakı kimyəvi reaksiyalar deyil, ruhdur.

BİZƏ ƏN YAXIN VARLIQ ALLAHDIR

İnsanlar maddə yığını yox, "ruh" olduqlarına görə xarici dünya dediyimiz hissləri ruhumuza hiss etdirən, daha doğrusu, bunları mütəmadi şəkildə yaradan kimdir??

Şübhəsiz ki, bu sualın cavabı açıq-aşkardır. İnsana "Öz ruhundan üfürən" Allah hər şeyin Yaradıcısıdır. Bütün hisslərin yeganə mənbəyi də Odur. Allahın yaratmasının xaricində heç bir şeyin varlığı mümkün deyil. Allah bir ayəsində hər şeyi mütəmadi olaraq yaratdığını, yaratmağı dayandırdığı təqdirdə isə gördüyümüz heç bir şeyin varlığını davam etdirə bilməyəcəyini belə xəbər vermişdir:?

Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar (öz mehvərindən çıxmasınlar, yox olmasınlar) deyə (Öz qüdrəti altında) tutub saxlayır. Əgər zaval tapsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, bağışlayandır. (Fatir surəsi, 41)

Bu ayədə maddi kainatın Allahın qüdrəti altında saxlanılması izah edilir. Allah kainatı, dünyanı, dağları, canlı-cansız bütün varlıqları yaratmışdır və onları hər an Öz qüdrəti altında saxlayır. Allahın Xaliq İsmi maddi kainatda təcəlli edir. Allah Xaliqdir, yəni hər şeyi yaradan, yoxdan var edəndir. Bu da bizə göstərir ki, beynimizin xaricində Allahın yaratdığı varlıqlardan ibarət maddi kainat var. Lakin Allah bir möcüzə və yaratmasındakı möhtəşəmliyin, sonsuz elminin təcəllisi olaraq bu maddi kainatı bizə "xəyal", "kölgə" və ya "görüntü" kimi seyr etdirir. İnsan Allahın yaratmasındakı mükəmməlliyin nəticəsi olaraq beyninin xaricindəki dünyaya əsla çata bilməz. Həqiqi maddi kainatı bilən yalnız Allahdır.

Fatir surəsindəki ayənin başqa bir izahı isə insanların gördüyü maddi kainat görüntülərini də Allahın hər an qoruyub-saxladığıdır. (Doğrusunu Allah bilir.) Əgər Allah zehnimizə dünya görüntüsünü göstərməmək istəsə, kainat bizim üçün yox olar və bir daha əsla ona çata bilmərik.

Maddi kainatın əslinə əsla çata bilmədiyimiz həqiqəti insanların bir çoxunu düşündürən "Allah haradadır?" sualının da cavabını ortaya çıxarır.

İnsanların çoxu Allahın qüdrətini qavraya bilmədikləri üçün Onu göydə olan və dünya işlərinə müdaxilə etməyən bir varlıq kimi düşünürlər. (Allahı tənzih edirik.) Bu yanlış məntiqin təməli kainatın maddələr toplusu olduğu, Allahın isə bu maddələrin "xaricində" olduğudur.

Halbuki, bəhs etdiyimiz kimi, maddi kainata heç bir zaman çata bilmərik və onun mahiyyətini də tam olaraq anlaya bilmərik. Yalnız bütün bunları yaradan Yaradıcının, yəni Allahın varlığını bilirik. İmam Rəbbani kimi böyük İslam alimləri bu həqiqəti ifadə etmək üçün "var olan tək mütləq varlıq yalnız Allahdır, Ondan başqa hər şey "kölgə varlıqlardır" demişdirlər. Çünki gördüyümüz dünya zehnimizdədir və onun xarici dünyadakı qarşılığına çatmağımız qətiyyən mümkün deyil. Belə olduğu təqdirdə isə Allahın heç bir zaman çata bilmədiyimiz maddi kainatın "xaricində" olduğunu düşünmək yanlış olar.

Allah hər yerdədir və Onun varlığı hər yeri əhatə etmişdir. Bu həqiqət Quranda belə açıqlanır:

…Onun kürsüsü bütün göyləri və yeri əhatə etmişdir. Onların qorunması Ona çətin deyil. O, çox Ucadır, çox Uludur. (Bəqərə surəsi, 255)

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)

Allahın məkandan münəzzəh olduğu və hər yeri əhatə etdiyi həqiqəti başqa bir ayədə belə bildirilir:

Şərq də, qərb də Allahındır. Hansı səmtə yönəlsəniz, Allahın Üzü oradadır. Həqiqətən, Allah (hər şeyi) Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 115)

İnsan özünə ən yaxın olan varlığın özü olduğunu zənn edərək yanılır.

(Can) boğaza yetişdiyi zaman –həmin an siz (sadəcə) baxırsınız. Biz ona sizdən daha yaxınıq, siz isə (bunu) görmürsünüz. (Vaqiə surəsi, 83-85) ayələri ilə də bu həqiqətə diqqət çəkilmişdir. Lakin ayədə də bildirildiyi kimi, insanlar gözləri ilə görmədikləri üçün bu fövqəladə həqiqətən xəbərsiz yaşayırlar.

Digər tərəfdən, İmam Rəbbaninin ifadəsi ilə, kölgə varlıq olan insanın Allahdan müstəqil gücə sahib olması da mümkün deyil. "Sizi də, etdiklərinizi də Allah yaratmışdır" (Saffat surəsi, 96) ayəsi yaşadığımız bütün hadisələrin Allahın idarəsi və nəzarəti altında reallaşdığını göstərir. Quranda bu həqiqət bildirilir və "... atdığın zaman sən atmadın, amma Allah atdı..." (Ənfal surəsi, 17) ayəsi ilə heç bir hərəkətin Allahdan müstəqil baş vermədiyi vurğulanır. İnsan kölgə varlıq olduğu üçün atmaq hərəkətini edən özü ola bilməz. Amma Allah bu kölgə varlığa özünün atdığı hissini verir. Əslində isə bütün hərəkətləri reallaşdıran Allahdır.

Budur həqiqət. İnsan bunu qəbul etmək istəməyə bilər, özünü Allahdan müstəqil bir varlıq zənn etməyə davam edə bilər, amma bu heç bir şeyi dəyişdirmir.

SAHİB OLDUĞUMUZ HƏR ŞEY, ƏSLİNDƏ, XƏYALDIR...

Aydın şəkildə göründüyü kimi, bizim "xarici dünya" ilə birbaşa təmasda olmadığımız, Allahın mütəmadi şəkildə ruhumuza göstərdiyi surəti ilə təmasda olduğumuz elmi və məntiqi gerçəklikdir. İnsanlar isə bunu çox düşünmək istəmirlər.

Bu mövzuda bir az səmimi düşünsəniz, evinizin, əşyalarınızın, yeni aldığınız avtomobilinizin, ofisinizin, cəvahiratlarınızın, bankdakı hesabınızın, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz digər şeylərin də, əslində, zehninizdə olduğu həqiqətini dərk edərsiniz. Gördüyünüz, eşitdiyiniz, qoxuladığınız, bir sözlə, beş duyğu orqanınızla hiss etdiyiniz hər şey bu "xəyali dünya"ya aiddir; ən sevdiyiniz müğənninin səsi, oturduğunuz stulun möhkəmliyi, qoxusu xoşunuza gələn ətir, sizi isidən Günəş, gözoxşayan çiçəklər, səmada uçan quşlar, dənizin üzərində sürətlə irəliləyən motorlu qayıq, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüter, dünyadakı ən qabaqcıl texnologiyaya sahib musiqi setiniz...

Budur həqiqət, çünki dünya yalnız insanı sınamaq üçün yaradılan aləmdir. İnsanlar qısa həyatları boyu əsla əslinə çata bilməyəcəkləri hisslərlə sınanırlar. Bu hisslər isə bəzəkli və cazibədar göstərilir. Bu həqiqət Quranda belə xəbər verilir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)

İnsanların çoxu sahib olduqları və ya olmağa çalışdıqları malların, pulların, yığdıqları qızıl-gümüşün, dollarların, cəvahiratların, kredit kartlarının, istifadə etdikləri şkaflarla dolu paltarların, son model avtomobillərin, bir sözlə, hər cür zənginliyin tilsimi ilə dini tərk edir, axirəti unudur və yalnız dünyaya yönəlirlər. "İşim var", "ideallarım var", "məsuliyyətlərim var", "vaxtım məhduddur", " daha sonra edəcəyəm" deyərək, dünyanın "bəzəkli və cazibədar" yönünə aldanaraq oruc tutmur, 5 vaxt namaz qılmır, mallarını kasıblara vermir, Allahın razı qalacağı ibadətlərə yönəlmirlər. Əksinə, yalnız dünyada mənfəət əldə etməyə çalışaraq yaşayırlar. "Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər" (Rum surəsi, 7) ayəsi də məhz bu aldanmaya işarə edilir.



Burada izah etdiyimiz həqiqət isə bütün bu ehtirasların və bağlılıqların boş və mənasız olduğunu sübut etmək baxımından çox əhəmiyyətlidir. Çünki bu həqiqətin başa düşülməsi insanların sahib olduqları və olmağa çalışdıqları hər şeyin, həvəslə əldə etdikləri mülklərinin, varlıqları ilə öyündükləri övladlarının, özlərinə ən yaxın hesab etdikləri həyat yoldaşlarının, ən sevdikləri dostlarının, üstünlük zənn etdikləri mövqelərinin, oxuduqları məktəblərin, keçirdikləri tətillərin kölgə varlıqdan ibarət olduğunu göstərir. Elə isə bunlara görə edilən həvəs, keçirilən zaman, göstərilən səy də mənasızdır.

Bəzi insanlar sanki əslləri ilə təmasda ola bilərmiş kimi sahib olduqları mal-mülk, villalar, vertolyotlar, fabriklər, şirkətlər və ərazilərlə öyündükləri zaman sadəcə olaraq özlərini aldadırlar. Yaxtalarında təkəbbürlə gəzən zənginlər, yoldaşlarına avtomobillərini nümayiş etdirənlər, zənginliklərini hər fürsətdə dilə gətirənlər, vəzifəsinin onu hər kəsdən üstün etdiyini zənn edənlər, əslində, bunların sadəcə zehinlərindəki görüntü olduğunu anladıqları zaman nə vəziyyətə düşəcəklərini bilməlidirlər. Bunların bənzərlərini tez-tez yuxularında da görürlər. Yuxuda da evləri, sürətli avtomobilləri, qiymətli ləl-cəvahiratları, pulları, yığın-yığın qızıl və gümüşləri vardır. Yuxuda da yüksək vəzifədə olurlar, minlərlə insanın işlədiyi fabrikləri olur, bir çox insanlara hökm edəcək gücə sahib olurlar, hər kəsin heyran qaldığı paltarlar geyinirlər... Amma yuxuda sahib olduqları ilə öyünmək onları gülünc vəziyyətə saldığı kimi, dünyada təmasda olduqları görüntülərlə öyünmək də belədir. Yuxularında gördükləri də, bu dünyada təmasda olduqları da zehinlərindəki görüntüdən ibarətdir.

Həqiqəti anladıqları zaman dünyada yaşadıqları hadisələrə göstərdikləri reaksiyalar da insanları utandıracaq. Əsəbiləşənlər, bir-biri ilə dalaşanlar, fırıldaqçılıq edənlər, rüşvət alanlar, saxtakarlıq edənlər, yalan danışanlar, xəsislik edənlər, insanlara əziyyət verənlər, döyüb-söyənlər, həsəd aparanlar, təkəbbür göstərənlər, özlərini insanların gözündə ucaltmağa çalışanlar və digərləri bunları xəyal içində etdiklərini başa düşdükdə utanacaqlar.

Bilinməlidir ki, bütün kainatı yaradan və hər insana ayrı-ayrı göstərən Allahdır və dünyadakı bütün mülkün əsl sahibi də yalnız Odur. Bu həqiqət Quranda xüsusilə xəbər verilir:

Göylərdə və yerdə nə varsa hamısı Allahındır. Allah, hər şeyi əhatə edəndir. (Nisa surəsi, 126)

Əsli ilə təmasda oluna bilməyən ehtiraslar uğrunda dini tərk etmək və bunun nəticəsində sonsuz həyatı itirmək isə çox böyük ağılsızlıqdır. Bu, insana sonsuz itki gətirir.

Qarşı-qarşıya olduğunuz bu həqiqət "bütün sahib olduğunuz və həvəslə bağlandığınız mallar, var-dövlət, uşaqlar, həyat yoldaşı, dostlar, mövqe bir gün yox olacaq, ona görə də bir mənası yoxdur" demək deyil. "Sahib olduqlarınızın heç birinin əsli ilə hal-hazırda təmasda deyilsiniz, hamısı yalnız beyninizdə izlədiyiniz hisslərdən ibarətdir, Allahın sizi sınamaq üçün göstərdiyi görüntülərdir" deməkdir. Diqqət yetirsəniz, görərsiniz ki, bu ikisi arasında çox böyük fərq var.

İnsan bu həqiqəti qəbul etmək istəməsə və sahib olduqlarının mövcud olduğunu hesab edərək özünü aldatsa belə, ölümünün ardınca yenidən dirildikdə, yəni axirətdə hər şey qəti şəkildə ortaya çıxacaq. Həmin gün insanın "görməsi itiləşəcək" (Qaf surəsi, 22) və hər şeyin daha aydın fərqinə varacaq. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər arxasınca qaçaraq keçirmişsə, dünyada yaşamamış olmağı diləyəcək, "kaş ki o ilk ölümüm əbədi olaydı, var-dövlətim mənə heç bir fayda vermədi, güc və qüdrətim də yox olub getdi" (Haqqa surəsi, 27-29) deyərək həlak olacaq.

Ağıllı insan isə kainatın bu ən böyük həqiqətini vaxt varkən burada qavramağa çalışmalıdır. Əks təqdirdə bütün ömrünü xəyallar ardınca qaçmaqla keçirib, sonda böyük bir məğlubiyyətə uğrayar. Allah dünyada xəyallar ardınca qaçıb, hər şeyin Yaradanı olan Allahı unudan insanların son vəziyyətini belə bildirir:

Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O, öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

MATERİALİSTLƏR TARİXİN ƏN BÖYÜK TƏLƏSİNƏ DÜŞÜBLƏR

Maddənin əslinə çata bilmədiyimiz həqiqəti müasir elm tərəfindən isbat edilmiş, çox açıq və qəti bir şəkildə ortaya qoyulmuşdur. Materialistlər öz fəlsəfələrində əsaslandıqları maddi dünyanın, əslində, heç bir zaman keçə bilməyəcəkləri hisslərdən ibarət olduğunu görür və buna qarşı heç bir şey edə bilmirlər.

Bəşər tarixi boyu həmişə materialist düşüncə mövcud olmuş və bu insanlar özlərindən və müdafiə etdikləri fəlsəfədən əmin şəkildə onları yaradan Allaha qarşı çıxmışlar. Ortaya atdıqları ssenariyə görə, maddə əzəli və əbədidir və bunların yaradanı ola bilməz. Bu insanlar yalnız təkəbbürləri səbəbindən Allahı inkar edir, təmasda olduqlarını zənn etdikləri maddəyə sığınırdılar. Bu fəlsəfədən elə əmin idilər ki, heç vaxt bunun əksini isbat edəcək bir izah gətirilə bilməyəcəyini düşünürdülər. Məhz buna görə maddənin əsli ilə bağlı olan bu hissədə izah edilən həqiqətlər bu insanlarda böyük çaşqınlıq yaratmışdır. Çünki burada izah edilənlər fəlsəfələrini təməldən sarsıtmış, müzakirəyə belə imkan verməmişdir. Bütün düşüncələrini, həyatlarını, təkəbbürlərini və inkarlarını üzərində qurduqları maddə bir anda əllərindən uçub-getmişdir. Heç bir insan maddənin əslini görməyib ki, buna əsaslanan bir fəlsəfə də olsun. Allahın inkarçılara hiylə quran İsmi də var. Quranda "... Onlar bu hiyləni hazırlayarkən, Allah da bir hiylə qurdu. Allah, hiylə quranların (hiylələrinə qarşılıq verənlərin) ən xeyirlisidir" (Ənfal surəsi, 30) ayəsi ilə məhz bu həqiqət bildirilir.

Allah maddəni mütləq varlıq zənn etdirərək materialistləri tələyə salmış və onları tarixdə bənzəri görülməmiş şəkildə alçaltmışdır. Mallarını, mülklərini, vəzifələrini, etibarlarını, yaşadıqları cəmiyyəti, dünyanı mütləq varlıq zənn etmiş, bunlara güvənərək Allaha qarşı təkəbbür göstərmişlər. Kibrlənərək Allaha üsyan etmiş və inkarda həddi aşmışlar. Bunları edərkən də təkcə maddənin mütləq olduğu inancına arxalanmışlar. Lakin o qədər dar düşüncəli olmuşlar ki, Allahın onları hər tərəfdən əhatə etdiyini düşünməmişlər. Allah inkarçıların ağılsızlıqları səbəbindən düşəcəkləri vəziyyəti Quranda belə xəbər vermişdir:

Yoxsa bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər. (Tur surəsi, 42)

Bu, bəlkə də, tarixdəki ən böyük məğlubiyyətdir. Materialistlər təkəbbürlənərkən, dinə və iman gətirənlərə istehza edərkən tələyə düşmüşlər, çirkin cəsarət göstərərək Allaha qarşı elan etdikləri müharibədə məğlub olmuşlar.

Quranın “Beləliklə hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər. (Ənam surəsi, 123)” ayəsi Yaradanımız olan Allaha qarşı çıxan bu inkarçıların necə şüursuz olduqlarını və qarşılaşacaqları sonu açıq şəkildə xəbər verir.

Bu həqiqət başqa bir ayədə belə vurğulanır:

Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və (bunu) anlamırlar. (Bəqərə surəsi, 9)

İnkarçılar tələ qurmağa çalışarkən ayədəki "bunu anlamırlar" ifadəsi ilə açıqlandığı kimi, çox mühüm bir həqiqəti başa düşə bilməmişlər: Yaşadıqları bütün hadisələrin, əslində, zehinlərində reallaşdığını və etdikləri hər hərəkət kimi, qurduqları tələlərin də zehinlərində olduğunu... Şüursuzluqları səbəbindən də Allah ilə tək olduqlarını unutmuş, özlərini tələyə salmışlar.

Allah hər dövrdə inkarçıları bütün hiylələrini təməldən sarsıdacaq bir həqiqətlə üz-üzə gətirmişdir. Allah "... şübhəsiz ki, şeytanın hiyləsi çox zəifdir" (Nisa surəsi, 76) ayəsi ilə bu hiylələrin hələ qurulduqları anda məğlub olacağını xəbər vermiş, möminləri də "... onların hiylələri sizə heç bir zərər verə bilməz..." (Ali-İmran Surəsi, 120) ayəsi ilə müjdələmişdir.

Allah başqa bir ayəsində “Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar... (Nur surəsi, 39)” deyə bildirir.

Materializm də, ayədə işarə edildiyi kimi, üsyan edənlər və dünya həyatını dinlə istehza edərək keçirənlər üçün "ilğım"dır; ona güvənərək əllərini uzatdıqda, bu fəlsəfənin saxtalığını anlayarlar. Allah onları belə bir ilğımla aldatmış, maddəni mütləq varlıq kimi göstərmişdir. "Böyük" insanlar, professorlar, astronomlar, bioloqlar, fiziklər, ad-sanları, vəzifələri nə olursa olsun, maddəni ilah hesab etmələri səbəbindən bu tələyə düşmüş, uşaq kimi aldanmışlar. Heç vaxt əslinə çata bilmədikləri maddəni mütləq zənn edərək fəlsəfələrini, ideologiyalarını onun üzərinə qurmuş, haqqında ciddi müzakirələr aparmış, istehzalı izahlar vermişlər. Bütün bunlara görə özlərini çox ağıllı hesab etmiş, kainatın həqiqəti haqqında fikir irəli sürə biləcəklərini düşünmüş, öz məhdud ağılları ilə Allahı şərh edə biləcəklərini zənn etmişlər. Allah, bu vəziyyəti bir ayədə belə bildirir:

Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali-İmran surəsi 54)

Dünyada bəzi tələlərdən xilas olmaq mümkün ola bilər; amma Allahın inkar edənlərə qurduğu bu tələ elə möhkəmdir ki, əsla qurtuluş imkanları qalmamışdır. Nə etsələr də, kimə müraciət etsələr də, Allahdan başqa onları xilas edəcək köməkçi tapa bilməzlər. Allahın Quranda xəbər verdiyi kimi,"... özləri üçün Allahdan başqa bir (vəkil) qoruyucu, dost və köməkçi tapa bilməyəcəklər." (Nisa surəsi, 173)

Materialistlər belə bir tələyə düşəcəklərini gözləmirdilər. 21-ci əsrin bütün imkanları əllərində olduğu üçün asanlıqla inkara davam edəcəklərini və insanları da inkara sürükləyəcəklərini zənn edirdilər. Allah inkarçıların tarix boyu sahib olduğu zehniyyəti və qarşılaşdıqları sonu Quranda belə xəbər vermişdir:

Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar (bunu) hiss etmədilər. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları və qövmlərini birlikdə yerlə-yeksan etdik. (Nəml Surəsi, 50-51)

Ayələrdə izah edilən həqiqətin bir mənası da budur: Sahib olduqları hər şeyin, əslində, zehinlərində olduğu materialistlərə açıqlanmış, yəni əllərindəki hər şey yox edilmişdir. Onlar mütləq varlıq zənn etdikləri mallarının, fabriklərinin, qızıllarının, dollarlarının, uşaqlarının, həyat yoldaşlarının, dostlarının, vəzifə və şan-şöhrətlərinin, hətta öz bədənlərinin bir-bir əllərindən getdiyinə şahidlik edərkən, "yox olmuşlar". Maddənin yox, Allahın mütləq varlıq olduğu həqiqəti ilə üzləşmişlər. Şübhəsiz ki, bu həqiqəti anlamaq materialistlər üçün ən dəhşətli hadisədir. Çünki çox güvəndikləri maddənin aşılmaz bir sərhədlə onlardan ayrılması, öz sözləri ilə desək, onlar üçün hələ dünyada ikən "ölmədən ölüm" hökmündədir.

Bu həqiqətlə birlikdə bir Allah, bir də özləri qalmışdır. Allah "Məni yaratdığım kimsə ilə tək burax!" (Muddəssir surəsi, 11) ayəsi ilə hər insanın Onun Qatında tək-tənha olduğu həqiqətinə diqqət çəkmişdir. Bu həqiqət bir çox başqa ayələrdə də xəbər verilmişdir:

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. ... (Ənam Surəsi, 94)

Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)

Bu ayələrdə izah edilən həqiqətin bir mənası da belədir: Maddəni ilah qəbul edənlər Allaha məxsusdurlar, Ona qayıtmışlar və ya qayıtmağı gözləyirlər. İstəsələr də, istəməsələr də Allaha təslim olmuşlar. İndi isə hər kəs kimi hesab gününü gözləyirlər və həmin gün hamısı bir-bir sorğu-sual ediləcəklər. Anlamaq istəməsələr də...

MÖVZUNUN ƏHƏMİYYƏTİ

Bu hissədə izah etdiyimiz maddənin ardındakı sirr mövzusunu doğru anlamaq çox vacibdir. Gördüyümüz bütün varlıqlar - dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, Allahın Quranda var olduğunu, yoxdan var etdiyini bildirdiyi hər varlıq yaradılmışdır və mövcuddur. Lakin insanlar bu varlıqların əsllərini duyğu orqanları ilə görə, hiss edə bilməzlər. Gördükləri və hiss etdikləri isə bu varlıqların beyinlərindəki surətləridir. Bu, elmi həqiqətdir və bu gün tibb fakultələri başda olmaqla, bütün məktəblərdə tədris olunan elmi mövzudur. Məsələn, hal-hazırda bu yazını oxuyan insan yazının əslini görə bilməz, əslinə toxuna bilməz. Bu yazının əslindən gələn işıq insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilir. Həmin elektrik siqnalı beyinin arxa hissədəki görmə mərkəzini xəbərdar edir. Beləliklə, insanın beyninin içində yazının görüntüsü meydana gəlir. Yəni siz hal-hazırda gözünüzlə gözünüzün önündəki yazını oxumursunuz. Bu yazı sizin beyninizin arxa hissəsindəki görmə mərkəzində meydana gəlir. Sizin oxuduğunuz beyninizdəki "yazının surəti"dir. Bu yazının əslini isə Uca Allah görür.

Unudulmamalıdır ki, maddənin beynimizdə yaranan xəyal olması "yox" olması demək deyil. Bizə maddənin mahiyyəti haqqında məlumat verir ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda ola bilmədiyi həqiqətidir. Bundan əlavə, maddənin varlığını bizdən başqa görən varlıqlar da var. Allahın mələkləri, yazıçı olaraq təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:

Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)

Ən əsası, Allah hər şeyi görür. Bu dünyanı hər bir detalı ilə Allah yaratmışdır və hər an görür. Quran ayələrində belə xəbər verilir:

... Allahdan qorxub-çəkinin və bilin ki, Allah etdiklərinizi görəndir. (Bəqərə surəsi, 233)

De ki: "Mənimlə aranızda şahid olaraq Allah yetər; şübhəsiz ki, O, qullarından xəbərdardır, görəndir." (İsra surəsi, 96)

Həmçinin unudulmamalıdır ki, Allah bütün hadisələri "Lövhi-Məhfuz" adlı kitabda yazmışdır. Biz görməsək də, bunların hamısı Lövhi-Məhfuzda vardır. Hər şeyin Allahın Qatındakı Lövhi-Məhfuz adlı "Əsas Kitab"da qorunub-saxlanıldığı Quranda belə bildirilir:

Şübhəsiz ki, o, yanımızdakı Əsas Kitabdadır. O, ucadır, hikmətlə doludur.(Zuxruf surəsi, 4)

..Həqiqətən, Biz yerin onlardan nəyi alıb-əskiltdiyini bilirik. Bizdə (hər şeyi) qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır. (Qaf surəsi, 4)

Göydə və yerdə gizli olan heç bir şey yoxdur ki, açıq-aşkar olan bir kitabda (Lövhi-məhfuzda) olmasın. (Nəml surəsi, 75 )