MATERİALİZMİN MEYDANA GƏTİRDİYİ SAXTA DİNLƏR
Əvvəlki hissədən də gördüyümüz kimi, insanları din əxlaqını yaşamaqdan uzaqlaşdıran, mənəvi dəyərlərinə zərər vuran ən təhlükəli fikir cərəyanlarından biri materializmdir. Hal-hazırda cəmiyyətlərin böyük bir hissəsi fərqində olsalar da, olmasalar da, materialist dünyagörüşünün təsiri altındadırlar. Lakin mühüm bir məqamı da qeyd etmək lazımdır. Allahın varlığını açıq şəkildə inkar etmək materialist dünya görüşünə sahib olmağın yeganə göstəricisi deyil. İnsanların böyük əksəriyyəti Allahın varlığını qəbul etsə də, materialist dünyagörüşünə sahibdir. Bu cür yanlış düşüncəyə sahib olan insanlar haqqında Quranda bir çox ayələr var. Bu ayələrin bəzilərində belə buyurulur:
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (belə olduğu halda) (Allahdan) qorxmursunuz?” O sizin gerçək Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə qalır? Siz necə də (haqdan) döndərilirsiniz!” (Yunus surəsi, 31-32)
De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb, ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” Xeyr, Biz onlara haqqı gətirdik. Onlar isə yalançıdırlar.” (Muminun surəsi, 84-90)
“Əgər sən onlardan “Göyləri və yeri kim yaratmışdır?”- deyə soruşsan, onlar mütləq: “Allah”-deyəcəklər.De:”Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Yaxud da O, mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər.Təvəkkül edənlər yalnız Ona təvəkkül etsinlər!” (Zumər surəsi, 38)
Yuxarıdakı ayələrdən də göründüyü kimi, bu insanlardan inancları barədə soruşduqda Allaha və dinə inandıqlarını deyirlər. Lakin Allahın qüdrətini lazımi qədər qiymətləndirə bilmir, başqa varlıqları Ona şərik qoşurlar. Bu insanlar haqq dindən uzaq dünyagörüşünün formalaşdırdığı saxta dinlərə mənsubdurlar. Keçmişdə olduğu kimi, hal-hazırda da insanların bir hissəsi Allahın vəhyinə əsaslanan gerçək dinə yox, dinsizliyin meydana gətirdiyi saxta dinlərə tabe olmuşlar.
Bəhs etdiyimiz insanlardan əlavə, Allahı və axirəti açıq şəkildə inkar edən kəslər də var. Bunlar digər insanların da onlar kimi inkar etməsi üçün çalışırlar. Bir çoxu materializm və təkamül nəzəriyyəsinin tərəfdarı olan bu insanlar digər insanlara da öz inanclarını təlqinlər edirlər. Lakin materialistlər Allahın varlığını bilən, amma gücünü təqdir edə bilməyən din anlayışınının mövcud olduğu cəmiyyətlərə ateizmyönlü cəmiyyətlərdən fərqli üsullar tətbiq edirlər. Materialistlər hər cəmiyyətə uyğun formalaşdırdıqları yeni dinlər və maddəçiliyə əsaslanan təlqinlərlə insanları Allahın elçiləri vasitəsilə nazil etdiyi haqq dinlərdən uzaqlaşdırmağa çalışırlar.
Xurafələr əlavə edilən, əslindən tamamilə uzaqlaşdırılan din anlayışına sahib insanların dinsizliklə mübarizə aparması və dinsizliyi yox etməsi qeyri-mümkündür. Hətta bu cür din anlayışı, fərqində olaraq və ya olmayaraq, dinsizliyə dəstək olacaqdır. Buna görə də materialist düşüncə ilə qurulan saxta dinlərin xüsusiyyətlərinin üzərində dayanmaq və bu azğın din anlayışlarını tanımaq dinsizliklə mübarizədə olduqca əhəmiyyətlidir.
Sonrakı hissələrdə dinsizliyin dinlərindən ikisinin - materialist və təkamülçü dinin bəzi xüsusiyyətlərindən bəhs edəcəyik. Bu saxta dinlərin inanc formalarını, Quranda bildirilən bütpərəst inanclarla bənzərliklərini nəzərdən keçirəcəyik.
20-Cİ ƏSRİN BÜTPƏRƏSTLƏRİ
Allah Quranda Ondan başqa varlıqlara ibadət edən, cansız bütləri ilah qəbul edən insanlardan və elçilərinin bu insanlarla olan mübarizəsindən bəhs edir. İnsanların çoxu keçmişdəki cansız bütlərə sitayiş edən bu cəmiyyətlərin ibtidai həyat tərzi yaşadıqlarını, buna görə də belə din anlayışına sahib olduqlarını zənn edirlər. Hətta hal-hazırda yaşayan bəzi geridə qalmış Afrika qəbilələrinin totemlərə sitayiş etmələrini də həmin cəmiyyətlərin ibtidai həyat tərzi ilə əlaqələndirirlər.
Halbuki Quranda bildirilən, bütlərə sitayiş edən cəmiyyətlərin inanc və dünyagörüşünə nəzər yetirdikdə bugünkü insanların bir qisiminin həyat tərzi ilə çox böyük bənzərliklər olduğunu görürük. Bu bütpərəst cəmiyyətlərin cansız heykəlləri, taxtadan, daşdan düzəldilmiş əşyaları ilah qəbul etdikləri kimi, dövrümüzdə də cansız maddələri ilah hesab edən anlayışlar var. Bu anlayışlarla bütpərəstlər arasındakı bənzərliklərə keçməmişdən əvvəl Allahın Quranda bütpərəst cəmiyyətlər haqqında verdiyi bəzi məlumatların üzərində dayanaq.
Quranda bəhs edilən bütpərəst cəmiyyətlərdən biri hz. İbrahimin qövmüdür. Ayələrdə belə buyurulur:
“Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan şeylərə sitayiş edirsən?” (Məryəm surəsi, 42)
“Bir zaman o, öz atasına və tayfasına: “Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?”- demişdi. Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük.”- demişdilər. İbrahim demişdi: “Doğrusu, siz də, atalarınız da açıq-aydın azğınlıq içindəsiniz”. (Ənbiya surəsi, 52-54)
Ayələrdə də bildirildiyi kimi, hz. İbrahimin atası və qövmü öz əlləri ilə düzəltdikləri, heç bir şey yaratmağa gücü çatmayan, cansız maddələri ilah hesab edirdilər. Bir varlığı ilah olaraq qəbul etmək həmin varlığın yaratmaq, ruzi vermək, bərəkət vermək, şəfa vermək, əzab vermək, təbiət hadisələrini idarə etmək kimi xüsusiyyətlərin hamısına və ya bir qisiminə sahib olduğunu qəbul etmək deməkdir. Hz. İbrahimin dövründə ibtidai inanca sahib olan bütpərəstlər öz əlləri ilə düzətdikləri, cansız heykəllərin bu xüsusiyyətlərə sahib olduqlarını iddia edir və onların qarşısında baş əyir, ibadət edirdilər.
Növbəti sətirlərdə bu qövmün dövrümüzdəki bəzi inanc sistemləri ilə qeyri-adi bənzərliklərindən bəhs edəcəyik.
MÜASİR CƏMİYYƏTLƏRDƏ MÖVCUD OLAN BÜTPƏRƏST İNANC
Bütpərəstlər daşdan, taxtadan oyulmuş, cansız, danışa bilməyən, bir sözlə, heç bir şeyə qadir olmayan heykəllərin güc sahibi olduqlarını iddia edirdilər. Hətta bu bütlərin kainatı yaratdığına və kainatdakı bütün hadisələri idarə etdiyinə inanır, buna görə də onlara sitayiş edir, sağlamlığı, bərəkəti və ruzini onlardan istəyirdilər.
Bu həqiqətlər göstərir ki, müasir dövrdə də eyni bütpərəst məntiqi yaşadan insanlar var. Keçmişdəki bütpərəstlərin daşdan yonulmuş heykəlləri kainatın və canlılığın yaradılmasında əsas qüvvə olaraq görməsi kimi, materialistlər və təkamülçülər də şüursuz atomlardan təşkil olunmuş cansız maddələrin hansısa bir gücə sahib olduğunu irəli sürürlər. Bu cansız maddələrin təsadüflər nəticəsində bir araya gələrək, mükəmməl xüsusiyyətlərə malik canlıları əmələ gətirdiyini iddia edirlər. Həmçinin, onların fikincə, kainatda baş verən hər bir hadisəni də cansız və şüursuz atomlardan ibarət "təbiət" idarə edir. Məsələn, təkamülçülərə və materialistlərə görə, qasırğa və ya zəlzələlər təbiətin qərarı ilə meydana gəlir. Bu hadisələri izah edərkən də "təbiət ananın qəzəbi" və ya "təbiətin möcüzəsi" kimi sözlərdən istifadə edirlər. Amma "təbiət" adlandırdıqları qüvvənin nə olduğunu, nədən qaynaqlandığını açıqlaya bilmirlər. "Təbiət ana" və ya "təbiət" dedikləri qüvvələr, əslində, keçmişdə yaşayan bütpərəst cəmiyyətlərin "torpaq ana", "bərəkət tanrısı" adlandırdığı bütlərlə eynidir. Yalnız simvollar aradan qaldırılmışdır, gözlə görünməyən, cansız maddələr və təsadüflər tanrı hesab edilir və onların yaratma gücünə sahib olduqları iddia edilir.
Qatı darvinist olan fransız zooloq Pier Paul Qrase (Pierre Paul Grassé) təkamülçülərin və materialistlərin bu gizli ilahlarını belə açıqlayır:
… (Təkamülçülərin canlılığın şərhi kimi irəli sürdüyü) Təsadüf ateizm görüntüsü altında gizli sitayiş edilən ilah halına gəlmişdir. (Pierre Paul Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, s. 103)
Təsadüfləri, cansız maddələri, şüursuz atomları yaratma gücünə sahib varlıqlar zənn etmək, əlbəttə ki, böyük bir məntiqi pozğunluqdur. Bütpərəstlər əlləri ilə düzəltdikləri bütlərin bütün varlıqları yaratdığına inandıqları kimi, təkamülçülər və materialistlər də cansız maddələrin öz-özünə canlı varlıqları meydana gətirdiklərinə inanırlar. Bu inancın kökü cansız maddələri ağıl və iradə sahibi, qərar verən və bu qərarları tətbiq edən varlıqlar olaraq qəbul etməyə qədər gedib-çıxır və beləliklə də, hər şey ilah qəbul edilir. Məsələn, təkamülçülər qara torpaqda bitən gözəl ətirli, göz oxşayan rənglərə sahib gülü ilah qəbul edirlər, çünki gülün öz-özünə əmələ gəldiyinə, yəni gülü meydana gətirən cansız maddələrin onu yaratdığına inanırlar. Həmçinin təkamülçülər portağalları, almaları, çiyələkləri, bananları, üzümləri, ağacları, çiçəkləri, ceyranları, aslanları, filləri, qarışqaları, bal arılarını, ağcaqanadları, dənizin dibindəki bütün canlıları, bir sözlə, mövcud olan canlı-cansız bütün varlıqları özlərini meydana gətirmək qabiliyyətinə sahib ilah hesab edirlər. Çünki saydığımız və saya bilmədiyimiz milyonlarla canlının öz şüur və iradələri ilə inkişaf edib, hazırkı xüsusiyyətlərə və davranışlara sahib olduqlarını iddia edirlər.
Təkamülçülər balarısının keçmişdə fərqli bir canlı olduğunu, daha sonra arı olmağa qərar verərək öz bədənində bal istehsal edən mexanizmlər qurduğunu iddia edirlər. Ağcaqanadların, əslində, qədimdə uça bilməyən canlılar olduğunu, sonra bədənlərində bir cüt qanad əmələ gətirərək uçmağa başladıqlarını deyirlər. Üstəlik, müasir dövrün insan istehsalı olan vertolyotları ilə, təyyarələri ilə müqayisə edilə bilməyən mükəmməllikdə uçuş sistemləri ilə…
Təkamülçülərin yer üzündə mövcud olan milyardlarla canlı ilə bağlı çoxlu hekayələri var. Bu hekayələrin ortaq cəhəti canlıları meydana gətirən cansız atomların, təbiətin ağlı və şüuru olduğu iddiasıdır. Danışdıqları ssenariləri "təbii seçmə", "təsadüfi mutasiyalar", "coğrafi izolyasiya" kimi elmi görünən terminlərlə bəzəyirlər. Lakin təbiəti meydana gətirən cansız maddələrin öz-özünə qüsursuz canlılar yaratdığı iddiasını müdafiə edirlər. Nəticədə, bütün bu varlıqları müstəqil ilahlar olaraq qəbul edirlər. Belə ki, təkamülçülərin yüz minlərlə, milyonlarla, hətta katrilyonlarla bütü var; banan bütü, portağal bütü, ağcaqanad bütü, cəfəri bütü, pişik bütü, qərənfil bütü, gül bütü, balina bütü, zürafə bütü, tovuzquşu bütü, kəpənək bütü, hörümçək bütü, akasiya bütü, naringi bütü, qarışqa bütü, fil bütü, bənövşə bütü… Çünki, bu inanca görə, varlıqların hamısı özünü və özlərindən sonrakı nəsillərini yarada bilən ilahlardır.
Təkamülçülərə görə, müxtəlif maddələri əmələ gətirən şüursuz atomlar, eyni zamanda, atmosferi də qüsursuz şəkildə dizayn edib, "yaratmışdır". (Allahı tənzih edirik.) Beləliklə, atmosfer dünyanın qoruyan tavanı olmuş, yer üzündə canlılığın meydana gəlməsi və yaşaması üçün lazımi xüsusiyyətləri özündə var etmişdir. Maddəni ilah qəbul edənlərin bu mövzuda da güc sahibi hesab etdikləri bütləri var; karbon bütü, oksigen bütü, helium bütü, hidrogen bütü, azot bütü, dəmir bütü…
Bu yanlış inanca görə, görməyən atomlar əvvəlcə bir yerə toplanmış, sonra bir-biri ilə razılaşaraq qüsursuz dizayn qurmuş və bunun nəticəsində də görən göz meydana gətirmişlər. Lakin elə şüurlu və planlı davranmışlar ki, gözdən əvvəl göz çuxurunu meydana gətirmək üçün digər atomların mütəşəkkil hərəkət etməsini təmin etmiş və bunun üçün təsadüflərin meydana gəlməsini səbirlə gözləmişlər. Təkamülçülərə görə, gözü meydana gətirən atomlar belə mükəmməl bir orqanı və duyğunu yarada bildikləri üçün görməyi təmin edən "ilahlar"dır. Yəni keçmişdə yaşamış insanların yağış yağdıracağına inandıqları xəyali "yağış tanrısını" ilah qəbul etdikləri kimi, təkamülçülər də gözə aid atomları gözü yaradan ilahlar olaraq mənimsəmişlər.
Bu məntiqə görə, materialist və təkamülçü dinin sitayiş etdiyi və yaradıcı hesab etdiyi katrilyon x katrilyon x katrilyondan çox ilahı var. Kainatdakı varlıqların öz-özünə, təsadüflər nəticəsində meydana gəldiyini iddia etmək onların hər birini təsadüflərlə birlikdə ilah olaraq qəbul etmək deməkdir. Şüursuz atomların və təsadüflərin mükəmməl strukturlar meydana gətirdiyini irəli sürməklə totemlərin qarşısında baş əyib, taxta heykəllərdən sağlamlıq və bərəkət istəmək eyni məntiqi pozğunluqdur. Yeganə dəyişiklik yaşanılan əsrlərdir.
TƏKAMÜLÇÜLƏRİN SAXTA İLAHLARI: ŞÜURSUZ ATOMLAR
Üstündə yeridiyiniz daş, torpaq, beton və ya asfalt, oturduğunuz kreslo, tənəffüs etdiyiniz hava, yediyiniz yeməklər, orqanizminizin 2/3-dən çoxunu təşkil edən su, bədəninizin içərisində və xaricində mövcud olan canlı-cansız hər şey atomlardan təşkil olunmuşdur. Həmçinin kainatı meydana gətirən ulduzlar, qallaktikalar, günəşlər və yaşadığınız dünya da eynilə sizin kimi atomlardan ibarətdir. Gəzdiyiniz hər yerdə, yaşadığınız şəhərin hər binasında, tozunda, havasında atomlar vardır.
Məlumdur ki, bütün canlılar karbon, hidrogen, oksigen, kalsium, maqnezium, dəmir kimi elementlərin atomlarından təşkil olunub. İnsan da bu atomlardan meydana gəlir. Darvinizm isə bu atomların şüursuz təsadüflər nəticəsində bir araya gəldiyini iddia edir. Yəni təkamülçü məntiqə görə, həmin şüursuz atomlar yığını şüurlu insanı, məsələn, atom mühəndisini meydana gətirmək qərarına gəliblər.
Bu cəfəngiyyatı daha dəqiq araşdırdıqda belə bir nəticə ortaya çıxır: Səbəbi bilinməyən bir qüvvənin təsiri ilə müxtəlif atomlar əmələ gəlmiş, daha sonra bu atomlar təsadüfən birləşərək ulduzları, planetləri, bütün göy cisimlərini meydana gətirmişdir. Sonra atomların təsadüfən bir ayara gəlməsi ilə son dərəcə kompleks quruluşlu canlı hüceyrə ortaya çıxmış, atomlardan ibarət bu canlı hüceyrə guya təkamül keçirərək mükəmməl sistemlərə sahib canlıları və ən son mərhələdə şüurlu insanı meydana gətirmişdir. Təsadüflər nəticəsində var olan insan təsadüflər nəticəsində yaranan alətlərlə, məsələn, elektron mikroskopla öz atomlarını kəşf etmişdir. Darvinizmin elmi tezis kimi irəli sürdüyü məntiq məhz budur.
Demək ki, təkamül nəzəriyyəsi açıq şəkildə hər bir atomu "ilah" qəbul edir. Ağıl və şüur sahibi insanı meydana gətirən atomların şüuru və iradəsi olmadığı halda, təkamülçülər bu cansız atomların bir araya gəlib, insanı yaratdığını, sonra da bu "atomlar qrupunun” oxumağa, universitetə daxil olmağa qərar verdiyini iddia edirlər.
Bu iddiaya görə, atomların qeyri-adi qabiliyyətləri də var; bu atomlar atomlardan ibarət olan yeməkləri yeyir, dadını hiss edir, atomlardan əmələ gələn gülün qoxusundan zövq alırlar. Həmin atomlar olduqları məkanın temperturunu hiss edir, maqnitofondan çıxan səs dalğalarını dinləyib, musiqinin ritmini tuta bilirlər. Təkamülçü iddiaya görə, çoxlu sayda atom bir araya gəldikdə düşünə, darıxa, sevinə və ya kədərlənə bilər. Komediya filmi izləyib, qəhqəhələrlə gülə bilər.
Beləliklə, aydın olur ki, keçmiş qövmlərin taxtadan, daşdan hazırladığı bütlərlə atomlar arasında heç bir fərq yoxdur. Keçmiş qövmlərin taxta parçalarının müəyyən güclərə sahib olduğunu iddia etdikləri kimi, təkamülçülər də şüursuz atomların eyni güclərə sahib olduğunu deyirlər.
Halbuki kainatda mövcud olan heç bir şeyin təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi, sonsuz bir şüur və iradənin varlığı ilə yarandığı açıq həqiqətdir. İstər insanın, istərsə də təbiətin hər bir detalında çox böyük bir ağılın və elmin təzahürü görünür. Bu elmin və ağılın sahibi göylərin və yerin Rəbbi olan Allahdır.
Allah heç bir gücü olmayan bütlərə sitayiş edən qövmlərin əməllərinin boşa çıxacağını və tutduqları yolun "məhv olacağını" belə xəbər vermişdir:
“Biz İsrail oğullarını dənizdən keçirtdik və onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların tanrıları olduğu kimi, bizim üçün də bir tanrı düzəlt”. (Musa) dedi: “Həqiqətən, siz, cahil bir tayfasınız. Şübhəsiz ki, bunların etiqad etdikləri (əqidə) məhvə məhkumdur, gördükləri işlər isə batildir”. (Musa) dedi: “O, sizi aləmlərdən üstün etdiyi halda, mən sizin üçün Allahdan başqa tanrımı axtaracağam?” (Əraf surəsi, 138-140)
GÜNƏŞ DİNİ
Təkamülçü və materialistlərlə keçmişdə yaşamış bütpərəst cəmiyyətlər arasındakı digər bənzərlik hər iki qrupun da Günəşə şitayişə əsaslanan dini inanca sahib olmalarıdır.
Günəşə sitayiş etmək tarixin ən qədim dövrlərindən bəri mövcud olan azğın inancdır. Günəşin istilik və işıq təmin etdiyini görən insanlar öz varlıqlarını bu göy cisiminə borclu olduqlarını zənn etmiş və Günəşi ilahlaşdırmışlar. Bu azğın inanc bir çox cəmiyyətləri Allahın haqq dinindən uzaq tutmuşdur. Quranda bu mövzuya toxunulur və hz. Süleyman dövründə yaşayan Səba xalqının günəşə sitayiş etdiklərindən bəhs edilir:
“Mən onun və tayfasının Allahı qoyub, günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartmışdır. Buna görə də haqqın yolunu tapa bilmirlər. (Şeytan ona görə belə etmişdir) ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da bilən Allaha səcdə etməsinlər”. (Nəml surəsi, 24-25)
İnsanların Günəşə sitayiş etməsi cəhalətin və ağılsızlığın nəticəsidir. Günəş dünyaya istilik və işıq versə də, buna görə Günəşə yox, onu yaradan Allaha şükür etmək lazımdır. Allah şüursuz maddə yığını olan Günəşi yoxdan yaratmışdır. Müəyyən müddət sonra enerjisi tükənəcək və sönəcək. Allah Günəşi də, digər bütün göy cisimlərini də yoxdan var etmişdir. Belə ki, bütün bu varlıqlara görə təriflənib ucaldılmalı olan Allahdır. Bu həqiqət Quran ayələrinin birində belə açıqlanır:
“Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin”. (Fussilət surəsi, 37)
Maraqlısı isə odur ki, təkamülçülər də qədim Günəş dinlərinin təməl inancını təkrarlayaraq, varlıqlarını Günəşə borclu olduqlarını müdafiə edirlər. Təkamülçü qaynaqlara nəzər yetirdikdə dünyadakı canlılığın qaynağı kimi Günəşin göstərildiyi görünür. Təkamülçülərə görə, Günəş şüaları dünyada canlılığın başlamasını təmin etmişdir. Daha sonrakı canlı növlərini meydana gətirən də yenə Günəş enerjisi və Günəş şüaları səbəbindən yaranan mutasiyalardır. Təkamülçülərin bu mövzudakı fikrini ən yaxşı ümumiləşdirən isə məşhur amerikalı ateist və təkamülçü Karl Saqan (Carl Sagan) olmuşdur. Saqan “Kosmos” (Cosmos) adlı kitabında "əgər insanlar özlərindən böyük bir şeyə sitayiş edəcəklərsə, bu, Günəş olmalıdır" yazmış və belə əlavə etmişdir:
Ata-babalarımız Günəşə sitayiş edirdilər və bu şəkildə heç axmaq bir iş etmirdilər. (Carl Sagan, Cosmos, New York: Random House, 1980, səh. 243)
Carl Saganın müəllimi, təkamülçü astronom Harlo Şapli (Harlow Shapley) isə "bəziləri başlanğıcda Allah vardı deyir, mən isə başlanğıcda hidrogen vardı deyirəm" sözləri ilə tanınır. Yəni Şapli hidrogen qazının müəyyən zaman ərzində insanlara, heyvanlara, ağaclara çevrildiyinə inanır. Göründüyü kimi, bütün mənasız təkamülçü fikirlərin təməlində maddi varlıqların və təbiətin ilahlaşdırılması inancı dayanır. Təkamülçülərin dini maddəyə və təbiətə sitayiş etməkdir.
Ağıl sahibi insan isə kainatın, təbiətin cansız və şüursuz maddələrin əsəri olmadığını, əksinə, gördüyü hər detalda fövqəladə bir ağıl, plan və incəsənətin mövcudluğunu anlayar. Beləliklə, Allahın varlığını və möhtəşəm yaratmasını qavrayar. Lakin insanların çoxu bu gerçəyə qarşı kordur və maddəyə sitayiş etməyə davam edir.
Mən onun və tayfasının Allahı qoyub, günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartmışdır. Buna görə də haqqın yolunu tapa bilmirlər. (Nəml surəsi, 24)
MADDİYYUN VƏ TABİYYUN TAUNU (XƏSTƏLİYİ)
Bütün həyatı boyu dinsizliklə mübarizə aparan Bədiüzzaman Səid Nursi də Quranın bir təfsiri kimi hazırladığı Risaleyi-nur külliyyatında tez-tez "maddiyyun və tabiiyyun taunu"ndan danışmışdır. Bədiüzzamanın "təbiətçilik, yəni təbiətə sitayiş və materializm, yəni yalnız maddənin varlığını qəbul etmə xəstəliyi" kimi xarakterizə etdiyimiz bu ifadəsi dinsizliyin əsası olan materializm və darvinizmə diqqət çəkir. Bədiüzzaman "maddiyyun və tabiiyyun" adlandırdığı bu dinsiz cərəyanların məntiqi pozğunluğunu ətraflı şəkildə açıqlamışdır. Bu açıqlamalardan biri belədir:
“Yaxud Fironlaşmış maddəçi filosoflar kimi "Öz-özünə olurlar. Öz-özünü bəsləyirlər. Özlərinə lazım olan hər şeyi yaradırlar" deyə düşünürlər ki, imandan, qulluqdan çəkinirlər? Demək, özlərini Yaradıcı zənn edirlər. Halbuki tək bir şeyin Yaradıcısı hər şeyin Yaradıcısı olmalıdır. Demək, kibr və qürurları onları son dərəcə axmaq hala salıb ki, ağcaqanada, mikroba qarşı məğlub olan, mütləq acizi hər şeyə gücü çatan zənn edirlər.
Bəli, ağılları gözlərinə sükut etmiş materialist fəlsəfəçilərin hikmətsiz hikmətləri, faydasızlıq təməlinə əsaslanan fəlsəfələrinə görə, təsadüfə bağlı zərrələrin hərəkətini bütün qanunlarında əsas götürüb, İlahi yaradılışa qaynaq göstərmişlər. Sonsuz hikmətlərlə bəzənmiş yaradılışı hikmətsiz, mənasız, qarışıq bir şeyə əsaslandırmalarının nə qədər ağıla tərs olduğunu az-çox şüuru olan belə bilər.” (Risaleyi-nur külliyyatı, Sözlər, səh. 551)
İnsanların özlərinə "ilahlıq" vəsfi verməsi son dərəcə yanlışdır. Belə ki, Bədiüzzaman da yuxarıdakı ifadələrində bu gerçəyin üzərində dayanır. İnsanın Allah qarşısında aciz bir varlıq olduğu halda, bu qüsursuz kainatın var olmasını "təsadüflər"lə əlaqələndirməsinin, Allahın açıq-aşkar varlığını inkar etməsinin nə qədər böyük bir nankorluq olduğuna diqqət çəkmişdir. Bədiüzzaman müasir dövrdə bu cür dinsizlik cərəyanının geniş miqyasda yaşanacağını, insanların bu "dinsizlik dini"ndən mütləq xilas olmalı olduqlarını ifadə etmişdir:
“Materialist, maddəçi fəlsəfədən çıxan nəmrudca bir fikir cərəyanı Axırzamanda materialist fəlsəfə vasitəsilə yayılaraq güclənər, Uluhiyyəti inkar edəcək dərəcəyə gələr... Bir ağcaqanada məğlub olan və ağcaqanadın qanadını belə yaratmaqdan aciz insanın ilahlıq iddia etməsinin nə dərəcə axmaq bir məsxərəlik olduğu məlumdur.”
Bədiüzzamanın da vurğuladığı kimi, cansız maddələrin öz-özünə kainatı və canlılığı yaratdığına inanmaq ağıl və məntiqdən kənardır. Bu inanca sahib olanların ağıl və mühakimə qabiliyyətinə sahib insanlar olduqlarını demək qeyri-mümkündür. Necə ki əvvəlki səhifələrdə izah etdiyimiz qissənin davamında hz. İbrahim əlləri ilə yonduqları bütlərə sitayiş edən qövmünün ağılsızlığını ifadə etmişdir:
(İbrahim) dedi: “Elə isə Allahı qoyub, sizə heç bir fayda və zərər verə bilməyən (bütlərəmi) tapınırsınız? Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdanmı, siz dərk etmirsiniz?” (Ənbiya Surəsi, 66-67)
MATERİALİST VƏ TƏKAMÜLÇÜ DÜNYA GÖRÜŞÜNÜN MEYDANA GƏTİRDİYİ SAXTA DİNLƏR
İlk hissədən etibarən xüsusi diqqət çəkdiyimiz kimi, materialistlərin ən böyük məqsədi Allahı və dini inkar edən, məqsədsiz cəmiyyətlər meydana gətirmək və heç kimə heç bir şey üçün hesab verməyən insan modeli formalaşdırmaqdır. Belə ki, materialist fəlsəfənin təməlində Allahın varlığını inkar edən, hər cür mənəvi dəyəri - dürüstlük, qardaşlıq, bölüşmə, sevgi, sülh kimi gözəl əxlaqa dair hər cür xüsusiyyəti rədd edən cəmiyyət həsrəti dayanır. Materialistlər bu xəyallarını reallaşdırmaq üçün maddəçi anlayışın cəmiyyət içərisində yayılmalı və əsaslı şəkildə yerləşdirilməli olduğunu bilirlər.
Buna görə də dövrümüzdə insanların böyük bir qisimini təsiri altına almış materializm və onun guya elmi təməli olan təkamül nəzəriyyəsi haqq dini qətiyyən qəbul etməz. Materializm, ancaq batil, yəni saxta bir dinin varlığını qəbul edər. Neo-darvinist cərəyanın qabaqcıllarından olan Corc G. Simpson (George Gaylord Simpson) təkamülçülər tərəfindən qəbul edilə bilən dini belə izah edir:
“Əlbəttə, dini olaraq xarakzə edilən, dini duyğulara əsaslanan və hələ də varlığını qoruyan bəzi inanc sistemləri var. Bunların təkamüllə uyğunlaşması qətiyyən mümkün deyil, belə ki, hissi yöndən təsirlərinə baxmayaraq, intellektual olaraq müdafiə olunmaları qeyri-mümkündür. Ancaq hissi sahədə qalmaları şərti ilə, mən bunların təkamüllə bir yerdə var ola biləcəklərini müdafiə edirəm. Başqa sözlə, təkamül və doğru din bir-biri ilə uyğunlaşa bilərlər.” (Phillip E. Johnson, Darvin on Trial, 2.b. Illinois: Intervarsity Press, 1993, səh. 128)
Təkamülçü Simpson doğru dinin "hissi sahədə qalmaq şərti ilə" öz dünya görüşləri ilə birlikdə davam etdirilə biləcəyini deyir. Onun "doğru din" olaraq nəzərdə tutduğu isə Allahın vəhyinə əsaslanan haqq din deyil. Bu din gerçəkləri ifadə etməyən, insanlara yalnız romantik baxımdan təsir edən, materialist düşüncə istiqamətində ortaya çıxarılan “dinsiz" bir dindir. Dövrümüzdə "mən dinə inanıram" deyən insanların bəziləri də, əslində, fərqində olmadan materialistlərin "doğru din" qəbul etdikləri bu saxta dini yaşayırlar.
Növbəti paraqraflarda bu saxta dinlərin bəzi xüsusiyyətləri haqqında danışılacaq.
Göründüyü kimi, bunların hamısı cəmiyyətdə din adı altında geniş şəkildə yaşanan yalnış inanclardır. Lakin, bəzi insanlar düşünməyə adət etmədikləri üçün bu inancların yanlışlığının fərqinə varmırlar. Buna görə də haqq dini bilən, səmimi möminlərin insanları dinsizliyin bu saxta dinlərinə qarşı xəbərdar etməsi və onlara Allahın qullarına hidayət və rəhbər olaraq endirdiyi Quranı və həqiqi dini izah etməsi mühüm məsuliyyətdir.
1. ALLAHIN SƏMADA OLDUĞUNA İNANAN BİR DİN
İnsanların böyük bir qismi Allahın varlığına inandıqları halda, Allahın harada olduğu ilə bağlı son dərəcə azğın inanclara sahibdirlər. Çünki materialist dünyagörüşünə görə, maddə mütləqdir və maddənin xaricində heç bir varlığın olması mümkün deyil. Bu fikrin təsiri altında olan insan isə Allahın bu maddələrin arasında bir yerdə olmalı olduğunu düşünür. Ancaq Allahın necə bir məkanı ola biləcəyini zehinində canlandıra bilmir.
Allah keçmişdə də eyni yanlış anlayışa sahib insanların mövcud olduğunu bildirmişdir. Quranda Fironun Allaha çatmaq üçün göyə yüksələn qüllə tikdirmək istədiyindən bəhs edilir. Onun bu azğın inancı Allahın qüdrətini qavraya bilməməsindən və maddəni mütləq zənn etməsindən qaynaqlanır:
Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir ilah tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, bəlkə, Musanın məbudunun yanına qalxaram. Çünki mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.” (Qəsəs surəsi, 38)
Məkanı Allah yaratmışdır və Özü məkandan münəzzəhdir. Yalnız yaradılmış varlıqlar məkana bağlıdır. Allahın varlığı hər yeri əhatə edir. Belə ki, Allah hər an hər yerdədir. (Bu mövzunu "Dinsizliyin dinlərini məğlub edən həqiqət" hissəsində ətraflı oxuya bilərsiniz.) Materialist dünyagörüşünün təsiri ilə bu açıq gerçəyi qavraya bilməyən insanların tabe olduqları saxta dinə görə isə Allah səmadadır. Bəzi insanların dua edərkən yalnız səmaya baxmasının bir səbəbi də budur. Halbuki Allahın hər yerdə olduğunu bilən insan hara baxsa da, Allahın orada olduğunu bilir. Allah bu həqiqəti ayələrində belə bildirir:
“Gözlər Onu dərk etmir. O isə bütün gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır”. (Ənam surəsi, 103)
2. ALLAHIN KAİNATI VƏ İNSANLARI YARATDIQDAN SONRA ÖZBAŞINA BURAXDIĞINA İNANAN BİR DİN
İnsanların tabe olduqları saxta dinlərin inanclarından biri də Allahın əvvəlcə bütün kainatı və canlılığı yaratdığı və sonra da heç bir şeyə qarışmadan səmadakı məkanından hadisələri izlədiyidir. (Allahı tənzih edirik.) Bu yanlış düşüncəyə görə, insanlar öz qədərlərini də özləri müəyyən edirlər. Halbuki Allah həm məkandan, həm də zamandan münəzzəhdir. Belə ki, Allah insanları və bütün kainatı keçmişləri və gələcəkləri ilə, yəni qədərləri ilə birlikdə "tək bir an" içərisində yaratmışdır. Biz gələcəyimizi yaşamadan bilə bilmirik. Amma Allah hər insanın gələcəyini və yaşayacağı hər anı bilir. Çünki bizim hər anımızı, hər danışığımızı, hər hərəkətimizi yaradan Odur. Saxta dinlərə mənsub insanların zənn etdiyi kimi, Allah kainatı yaradıb, sonra özbaşına buraxmamışdır. Allah kainatda mövcud olan hər canlını başlanğıcları, həyatları və sonları ilə birlikdə meydana gətirmişdir. Bir yarpağın budağından qopub, yerə düşməsindən bir insanın həyatı boyunca yaşayacağı hadisələrə qədər hər şey Allahın müəyyən etdiyi qədər üzrə baş verir. Allah ayələrin birində bu həqiqəti belə xəbər verir:
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın. (Ənam surəsi, 59)
Halbuki sizi də, sizin etdiklərinizi də Allah yaratmışdır.(Səffat surəsi, 96)
3. CƏNNƏT VƏ CƏHƏNNƏMİN VARLIĞINA İNANMAYAN BİR DİN
Materialist düşüncənin təsiri altında yaşayan insanların bir qismi Allahın varlığına inansalar da, cənnət və cəhənnəmin varlığına inanmırlar. Bunun əsas səbəbi yalnız gözləri ilə gördüklərini gerçək zənn etmələridir. Gözləri ilə görmədikləri və ya əlləri ilə hiss etmədikləri müddətcə heç nəyin varlığından əmin ola bilməyəcəklərini düşünürlər.
Halbuki ağılını və vicdanını istifadə edən insan üçün Allahın və axirətin varlığı ilə bağlı saysız-hesabsız dəlillər mövcuddur. Canlılığın yaşaması üçün qüsursuz nizamla və mükəmməl uyğunluqla yaradılan yer üzündə və səmada, bütün canlı maddələrin struktur vahidi olan hüceyrənin kompleks quruluşunda, rəngləri, qoxuları, içində yaşayan növbənöv canlılarla möhtəşəm gözəllikdəki təbiətdə Allahın saysız-hesabsız yaradılış dəlili vardır. Bütün canlıları qüsursuz şəkildə yoxdan var edən Allahın bunların hər birini ölümlərindən sonra diriltməyə qadir olduğuna şübhə yoxdur. Lakin buna baxmayaraq, inkarçı insan iman gətirməməkdə israr edir.
Ağılla hərəkət edən insan isə Allahın canlıları ilk dəfə yaratdığını da, onları yenidən diriltməyə qadir olduğunu da anlayar. Ayələrdə bu gerçəyi qavraya bilməyən inkarçılardan belə bəhs edilir:
Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyümüz zaman yeni bir məxluq kimi dirildiləcəyikmi?”De: “İstər daş olun, istər dəmir, yaxud da (özünüzü) ürəyinizdə nəhəng bir məxluq bilin, (yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan.” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda .” O gün Allah sizi çağıracaq. Siz də Ona həmd edərək çağırışına cavab verəcək və (dünyada) çox az qaldığınızı güman edəcəksiniz”. (İsra surəsi, 49-52)
Dini inkar edən insanların Allahın Quranda bildirdiyi "ölümdən sonrakı dirilişi" qavraya bilməməsinin və bu həqiqətə şübhə ilə yanaşmasının səbəbi də materialist inancdır. Materialist anlayışa görə, insan maddələrin qarşılıqlı təsirindən meydana gələn varlıqdır. Hətta insanın zəkası, duyğuları kimi maddə ilə açıqlana bilməyəcək xüsusiyyətlər də, materialistlərə görə, maddələrin qarlılıqlı təsiri ilə meydana gəlir. Buna görə də bu insanlar yenidən dirilişi maddənin özünü yenidən inşa etməsi kimi şərh edir və bunun necə ola biləcəyini anlaya bilmirlər. Yəni yox olan maddənin yenidən qayıda biləcəyini heç cür qəbul edə bilmirlər.
Halbuki əgər yox olmuş və çürümüş bir bədənin yenidən necə canlanacağını anlaya bilmirlərsə, insanın ilk əvvəl yoxdan yaradıldığını düşünməlidirlər. Yer üzündə insana, hətta hər hansı bir canlıya aid bir zərrə belə yox ikən Allah insanı yoxdan var etmişdir. Bu həqiqətə rəğmən, ikinci dəfə yaradılmağı sorğulamaq və ya "necə ola bilər" deyə şübhəyə düşmək böyük ağılsızlıqdır. Allah ayələrində dirilişlə bağlı şübhəsi olanlar haqqında belə buyurur:
"Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! Onlar yenidən yaradılış barəsində şəkk-şübhə içindədirlər. İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.” (Qaf surəsi, 15-16)
Bu mövzu ilə əlaqədar digər bir həqiqət isə insanı insan edənin bədəni yox, ruhu olmasıdır. Yəni insana canlılıq verən 50-60 kiloluq ət və sümükdən ibarət bədən deyil, ruhdur. Ölümlə birlikdə bədən yox olur, ancaq ruh yox olmur. Ölüm yalnız insanın ruhunun olduğu məkanın dəyişməsidir, yəni axirət həyatının başlamasıdır. Allah ruh mövzusunda Quranda bizə bu məlumatları verir:
Sonra onu düzəldib müəyyən şəklə saldı və ona Öz ruhundan üfürdü. Sizin üçün qulaq, gözlər və ürəklər verdi. Siz necə də az şükür edirsiniz! Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edənlərdir. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız.” (Səcdə surəsi, 9-11)
Lakin inkarçı insanların ön mühakimələri çox açıq bir həqiqəti belə anlamalarına mane olur. Allah axirətin varlığını qavraya bilməyən, tək həyatın bu dünya olduğunu zənn edən və öldükləri zaman yox olacaqlarına inanan bu insanların dərketmə və anlama qabiliyyətindən məhrum olduqlarını bir çox ayələrdə bildirmişdir:
Nəfsinin istəyini ilahiləşdirən və Allahın bilərəkdən (elmi sayəsində) azğınlığa saldığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?
Onlar dedilər: “(Həyat) ancaq bizim dünya həyatımızdır; ölürük və dirilirik, bizi öldürən ancaq dəhrdir (zamanın gərdişi, ömür müddətidir). Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. (Casiyə surəsi, 23-24)
Həqiqətləri görən, materialist inancın təsirindən xilas olaraq, səmimi və açıq zehinlə düşünən insanlar isə axirətin varlığından heç bir şübhə duymadan, qəti iman gətirirlər:
“O kəslərə ki namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar. Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.” (Loğman surəsi, 4-5)
“O kəslər ki qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.” (Bəqərə surəsi, 3-4)
Nəticə etibarilə, dinsizliyin dini ilə mübarizədə diqqət yetirilməli iki mühüm mövzu var. Birincisi təkamül nəzəriyyəsinin elmi baxımdan əsassızlığını izah etməkdir. Beləliklə, insanlar təsadüflər nəticəsində meydana gəlmədiklərini, onları Allahın yaratdığını və Onun qarşısında məsuliyyət daşıdıqlarını görəcəklər. İkinci mövzu isə maddənin gerçək mahiyyəti haqqında insanları məlumatlandıraraq ön mühakimələrdən xilas olmalarını və həqiqi dini anlamalarını təmin etməkdir. Çünki maddə yığınından ibarət olmadığını anlayan insan Yaradıcımız olan Allahın sonsuz qüdrətinin də şüurunda olacaq.
Allahın hər yeri əhatə etməsi, zamandan və məkandan münəzzəh olması, bütün varlıqları qədərləri ilə birlikdə yaratması, cənnət və cəhənnəmin varlığı, insanların hərəkətlərini də yaradanın Allah olması kimi haqq dinin bildirdiyi həqiqətlər, əslində, çox asan başa düşülən mövzulardır. Lakin bəzi insanlar bu həqiqətləri anlamaq istəmədikləri üçün çətin kimi göstərməyə çalışırlar. Bunun səbəbi isə onların bilərək və ya bilməyərək materialist dünyagörüşünün təsirində qalmalarıdır. Bu səbəbdən insanlar maddə ilə bağlı ön mühakimələrindən xilas olaraq, maddənin gerçək mahiyyətini öyrənməlidirlər.
Saytın "Dinsizliyin dinlərini məğlub edən həqiqət" hissəsi maddənin gerçək mahiyyətini ortaya çıxarır və indiyə qədər insanlara sirr kimi görünən mövzuların, əslində, son dərəcə açıq həqiqətlər olduğunu göstərir. Burada qısa şəkildə bəhs edilən bu mühüm mövzularla növbəti hissələrdə daha ətraflı tanış olacaqsınız.
|