DİNSİZ MİLLƏT YAŞAYA BİLMƏZ
İnsanların bir qismi din əxlaqının yalnız bəzi ibadətlərdən ibarət olduğuna dair yanlış
inanca sahibdirlər. Halbuki həqiqi din Allahın fərz buyurduğu oruc tutmaq, gün ərzində 5 dəfə namaz
qılmaq, zəkat vermək, qadınların hicabla bağlı hökmə tabe olmaları kimi ibadətlərlə yanaşı, insanın
həyatının hər anını əhatə edir və insanlara Quranın hökmləri əsasında dünyagörüşü və gözəl əxlaq
qazandırır. Dininə bağlı, səmimi müsəlman Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün
həyatının hər anında Quranda təsvir edilən gözəl əxlaqı yaşamağa çalışır. Heç vaxt və heç yerdə
dürüstlüyündən, səmimiyyətindən, təmkinli davranışından, hörmət və sevgisindən, bir sözlə, gözəl
əxlaqından ayrılmır. Buna görə də Quran əxlaqına uyğun yaşayan insanların olduğu cəmiyyətlərdə hər insanın
arzu etdiyi bu müsbət xüsusiyyətlər yaşanır.
Məsələn, Quran əxlaqına uyğun yaşayan ailədə hal-hazırda ailələrdə yaşanan problemlərin heç biri yaşanmır.
Müasir dövrdə valideynə itaətsiz, doğru ilə yanlışı ayırd edə bilməyən, əsəbi uşaqlara və uşaqlarına doğru
ilə yanlışı izah etməyə ehtiyac duymayan, onları özbaşına buraxan, öz aralarında belə yola getməyən
valideynlərə çox rast gəlinir. Bu evlərə sevgi, hörmət, mərhəmət və şəfqətin yerinə, mübahisə və təhqir
hakimdir. Halbuki Quran əxlaqı yaşandıqda valideynə itaət edən, hətta Allahın əmrinin tələbi olaraq onlara
"uf" belə deməyən, kiçik yaşlarından doğru və yanlışı ayırd edə bilən, vicdanla davranaraq pisliklərdən
uzaq olan uşaqlar böyüyür. Uşaqlarını din əxlaqı ilə böyüdərək dövlət və millət üçün xeyirli insanlar
yetişdirməyə çalışan, öz aralarında da sevgi və hörmətlə yaşayan, davranışları və danışıqları ilə
uşaqlarına nümunə olan valideynlər ortaya çıxır. Bir sözlə, sevgi, hörmət və həmrəylik içində bir-birinə
bağlı ailələr meydana gəlir.
Ailə dövlətin əsas vahididir. Ailə quruluşu güclü olan millətin dövlət quruluşu da möhkəm olur. Amma ailə
quruluşu çökmüş, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, sədaqət, birlik duyğuları
olmayan dövlətin güclü olması mümkün deyil. Xüsusilə, dinsiz cəmiyyətin hədəfləndiyi bəzi ölkələrdə bu
mənəvi çöküş daha da sürətlənir və cəmiyyətin hər sahəsində əxlaqi degenerasiya baş verir. Belə
cəmiyyətlərdə həyat yalnız qarşılıqlı maddi mənfəətlər üzərinə qurulur. Bir-birinə çox yaxın ailə fərdləri
arasında belə sevgi, qardaşlıq, həmrəylik, fədakarlıq və sədaqət duyğuları kimi mənəvi dəyərlər
paslandıqda həmin millətin varlığını davam etdirməsi çətinləşir. Çünki bu degenerasiya yalnız ailə
qurumunda yaşanmır, cəmiyyətin bütün seqmentlərinə yayılır. Məktəblərdə, dostlar arasında sevgi və
hörmətin yerinə, həsəd, ikiüzlülük, lağ etmə, dedi-qodu kimi mənfi davranışlar ortaya çıxır. İş yerlərində
də sistem mənfəət əlaqələri üzərində qurulur. Heç kim heç kimin haqqını qorumur, ədalətli davranmır,
məzlumlara şəfqət və mərhəmət göstərilmir. Belə bir millətin fərdlərinin bir yerdə sülh və sabitlik
içərisində yaşaması qeyri-mümkündür.
Məhz bu səbəbdən insanları dinsizliyə sürükləyən, bu yolla mənəvi dəyərlərini korlayan dinsizliyin
dinlərinin fikri yöndən məhv edilməsi imanlı insanların öhdəsinə düşən böyük məsuliyyətdir.
Sonrakı bölmələrdə dinsizliyin ailə quruluşunu və cəmiyyətin ictimai əlaqələrini təxrib etməsindən əlavə,
dövlətə nəcə zərər vurduğu daha ətraflı araşdırılacaq. Bu araşdırmanın nəticəsində ortaya çıxan dəlillər
"dövlətimə bağlıyam, millətimi sevirəm" deyən hər fərdin dinsizliklə necə ciddi mübarizə aparmalı olduğunu
bir daha ortaya qoyacaq.
DARVİNİZMİN YETİŞDİRDİYİ TERRORİSTLƏR
Bu gün dünyanın hər yerində terror, soyqırım və qətliamlar törədilir, günahsız insanlar
vəhşicəsinə öldürülür, süni səbəblərdən düşmənə çevrilən cəmiyyətlər ölkələri qana bulayır. Bir-birindən
fərqli tarixi, mədəniyyəti və ictimai quruluşu olan ölkələrdə meydana gələn bu hadisələr hər ölkədə fərqli
səbəblərdən qaynaqlana bilər. Ancaq bir az araşdırıldıqda maraqlı ortaq cəhətin olduğu ortaya çıxır. Bu,
dinsiz ideologiyaların cəmiyyətlər üzərində yaratdığı mənəvi təxribatdır.
Dinsiz ideologiyaların əsas ortaq xüsusiyyətlərindən biri tərəfdarlarına darvinizmlə təlim
keçmələridir. Daha əvvəl də bildirdiyimiz kimi, təkamül nəzəriyyəsi insanların məsuliyyət daşıdıqları və
axirətdə hesab verəcəkləri Yaradıcının olduğu həqiqətini inkar edir. Bu nəzəriyyənin öyrədildiyi insan
özünün məsuliyyətsiz və özbaşına olduğunu zənn edir. Buna görə də "onsuz da heç kimə hesab verməyəcəyəm"
deyə düşünərək asanlıqla hər cür insafsızlığı, əxlaqsızlığı və vicdansızlığı edir.
Təkamül nəzəriyyəsinin terrorizmə ikinci mühüm dəstəyi isə insanı inkişaf etmiş heyvan olaraq
göstərməsidir. Belə ki, darvinizmə inananlar insanın öldürülməsini hər hansı bir heyvanın öldürülməsi
qədər asan qəbul edirlər. Dünyanın hər yeridə terroristlərin körpələri, qadınları, yaşlıları və minlərlə
günahsız insanı gözünü belə qırpmadan öldürməsinin səbəbi darvinist düşüncədir.
Darvinizmin heç bir elmi əsası olmayan cəfəngiyyat olduğunu insanlara izah etməyin əhəmiyyəti burada
yenidən ortaya çıxır. Təkamül nəzəriyyəsini elmi həqiqət zənn edən, dini duyğulardan uzaq, Allah qorxusu
olmayan bəzi insanlara darvinizmə əsaslanan ideologiyalar təlqin edildikdə buna asanlıqla aldanırlar. Hamı
kimi normal həyat yaşayan, sadə bir insan bu təlqindən sonra əlinə silah alıb, dağa çıxır, günahsız
insanları qətlə yetirir, dövlətinə qarşı qiyam qaldırır. Çünki bu insanlara Allah, din, vətən, millət,
bayraq sevgisinin yerinə, dinsizliyi və qanlı qətliamları ilə tanınan Stalini, Lenini, Maonu sevib, hörmət
etmək, insanı heyvan kimi göstərən Darvinin nəzəriyyəsinə uyğun düşünmək öyrədilir.
Halbuki Allahın varlığının dəlilləri və Quranda bildirilən gözəl əxlaq izah edildikdə insanların
düşmənçiliyi, müharibə və xaos mühitlərini özlərinə hədəf seçən bu cür ideologiyalara aldanmaları
qeyri-mümkün olur. Allaha iman gətirən, axirətdə hər etdiyindən hesaba çəkiləcəyini bilən insan dövlətinə
və millətinə bağlı olur. Çünki Allah Quranda insanlara fitnə-fəsad törətməyi belə qadağan etmişdir:
O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə
çalışar. Allah isə fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!”– deyildikdə lovğalıq onu daha da günaha
sürükləyər. Beləsinə Cəhənnəm kifayətdir. Ora nə pis yataqdır! (Bəqərə surəsi, 205-206)
Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə
fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır. (Rəd surəsi, 25)
Ayələrdən də aydın olduğu kimi, Allahdan qorxan insanın dövlətinə, millətinə kiçik bir zərər
toxunduracaq hərəkətə belə göz yumması mümkün deyil. Çünki Allahdan qorxan insan Onun razı qalmayacağı və
cəhənnəmdə sonsuz əzabla cəzalandıracağı hər cür davranışdan çəkinir.
Allaha və axirət gününə inanmayan insan isə heç kimin qarşısında hesab verməyəcəyini zənn edərək asanlıqla
hər cür pisliyi edə bilər. Bədiüzzaman Səid Nursi də dinsiz ideologiyaların, xüsusilə, kommunizmin meydana
gətirdiyi anarxist quruluşu əsərlərinin birində belə açıqlamışdır:
“Sosializm bir sıra müqəddəs dəyərləri təxrib etdiyinə görə təlqin etdiyi fikir daha sonra bolşevikliyə
çevrildi. Bolşeviklik də bir çox müqəddəs dəyərləri, əxlaqı, qəlbləri və insanları pozduğu üçün, əlbəttə,
əkdikləri toxumlar heç bir diqqət və hörmət tanımayan anarxistlik məhsulunu verəcək. Çünki insanların
qəlbindən hörmət və mərhəmət çıxsa, ağıl və zəka həmin insanları çox dəhşətli və qəddar canavarlar halına
gətirər; artıq siyasətlə idarə edilə bilməz.” (Risaleyi-nur külliyatı, Beşinci Şüa, Nəsil Nəşrləri, səh.
888)
Bədiüzzamanın bu sözlərinin də işarə etdiyi həqiqət budur: anarxiya, terror və qarışıqlıq bəlasının
təməlində insanların hörmət, sevgi, mərhəmət kimi gözəl duyğulardan uzaqlaşması, əxlaqi və insani
dəyərlərini itirməsi dayanır. Bu bəladan xilas olmaq üçün dinsizlik aradan qaldırılmalı, insanlara Allah
qorxusu və Quran əxlaqı öyrədilməlidir.
Unudulmamalıdır ki, dövlətinə və millətinə qarşı qiyam qaldırıb, azğın fəaliyyətlər edənlər
qədər bu vəziyyəti kənardan izləyərək, imkanları olduğu halda, dövlətinə dəstək olmayanlar da eyni
materialist dünyagörüşünə sahibdirlər. Bitərəf olan insanların yeganə məqsədi öz həyatlarını davam
etdirməkdir. Onlara zərər vermədiyi müddətcə ətraflarında baş verənlərdən narahat olmayan bu insanlar
dinin insanlara qazandırdığı fədakarlıq, qardaşlıq, dostluq, dürüstlük və xidmət məfhumlarından
məhrumdurlar. Bu insanların şərəfli hədəfləri yoxdur. Həyatları boyu yalnız dövlətin imkanlarından
istifadə edərək, millətin qarşı-qarşıya olduğu təhlükələrdən xəbərsiz şəkildə öz nəfslərini doyurmağa
çalışırlar. Bu cür insanların vəziyyəti Quranda belə açıqlanır:
Allah, eləcə də iki nəfər barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü
çatmaz və öz ağasına yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər o, doğru yolda olub, ədalətli
işlər görməyi əmr edən kimsə ilə eyni ola bilərmi? (Nəhl surəsi, 76)
Ayədə də bildirildiyi kimi, "doğru yolda olan", dininə bağlı, Allahdan qorxan, mənəvi
dəyərlərə əhəmiyyət verən, vətəninə və millətinə xidmət şövqü içərisində olan insan yaşadığı cəmiyyətə
mütləq böyük fayda gətirir. Buna görə də insanların həqiqi dini öyrənməsi və Quran əxlaqına uyğun yaşaması
çox vacibdir. Allah ayələrinin birində bu gözəl əxlaqı yaşayan insanları belə xəbər verir:
O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər
görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (aqibəti) Allaha aiddir. (Həcc
surəsi, 41)

|